"Enfild"də xüsusi bir şey var. Bunu rəqiblərimiz də daxil olmaqla, hər kəs bilir. "Liverpul" burada heç vaxt mübarizə aparmaqdan imtina etməz. Həmişə bütün gücünü meydanda göstərər. Matçdan öncə futbolçulara "mümkünsüzdür, amma bir şansımız var" dedim. Futbolda çox şey yaşadım. Dünyanın ən güclü komandasına qarşı matçda qələbə qazanmaq asan deyil. Qol buraxmadan bu cür hesablı qalib gəlmək isə daha da çətindir. Futbolçular bunu necə etdilər, bilmirəm".
Sportarena.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasının yarımfinalında "Barselona"ya 4:0 hesabı ilə qalib gələrək finala yüksəldikləri cavab oyunundan sonra deyib.
"İndiyə kimi belə bir potensial və cəsarətin uyğunluğunu görməmişəm. Bir matçda özünüzdən ən çox bu qədər əmin ola bilərsiniz. Oriqi və Şakiri çox oynamırdı. Amma ikisi də gözəl oyun nümayiş etdirdilər. Bu da çox önəmlidir. Futbolda nələrin mümkün olduğunu göstərən vəziyyətdir. Çox xoşbəxtik" - deyə o bildirib.
Alman mütəxəssis oyundan sonra futbolçusu Ceyms Milnerin meydanda ağlamağına da münasibət bildirib: "Bu, hamımız üçün çox şey ifadə edir. Bu, futbolun ən gözəl anlarıdır. Dünyada çox önəmli şeylər var, amma birlikdə belə bir emosional mühit yaratmaq özəl hissdir".
Klopp Aleksander-Arnoldun künc zərbəsindən sonra Oriqinin vurduğu 4-cü qol haqda da danışıb: "O, an sadəcə topun tora daxil olduğunu gördüm. Künc zərbəsini, kimin vurduğunu da görmədim.. Ben Vudbernd də "necə oldu?" deyə soruşdu".