“Mənim üçün finalda kiminlə oynayacağımız önəmli deyil. Həlledici matçlara necə hazırlaşmaq barədə bilik və təcrübəm, oyun təcrübəsi sarıdan çatışmazlığımı kompensasiya etməyə kömək edəcək. Həmişə hazır olmalısan. Bu vacibdir. Dördüncü topu vurmağımız xoşuma gəldi. O anda finala vəsiqə qazandığımızı düşündüm”.
Sportarena.az xəbər verir ki, bu sözləri İngiltərənin “Arsenal” klubunun qapıçısı Petr Çex Avropa Liqasının yarımfinalında “Valensiya”ya qarşı keçirilən cavab oyununun (4:2) nəticəsini şərh edərkən deyib.
Təcrübəli qolkiper Avropa Liqasının final matçından sonra karyerasını başa vuracağını elan edib: “Elə anlar olur ki, sən yaxşı oyundan sonra evə gəlirsən və düşünməyə başlayırsan ki, davam etməyə dəyərmi? Mən bir il daha artıq oynamaqdansa, gücümün tükənməyinə iki il qalmış getməyə üstünlük verirəm. “Arsenal” ilə finala çıxmağı arzu edirdim və bu da oldu. Cəsarət və soyuqqanlılıq göstərib, finalda daha yaxşı oyun sərgiləmək lazımdır. Mən hər mərhələni sonuncu oyunum kimi keçirmişəm. Sevinirəm ki, sonuncu oyunum final olacaq”.
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakıda keçiriləcək. “Arsenal”ın finaldakı rəqibi Londonun digər təmsilçisi, Petr Çexin sabiq komandası “Çelsi” olacaq.