"Sabah"ın baş məşqçisi mövsümü dəyərləndirdi

12:20 11 May 2019

Azərbaycan I Divizionunda 2018/19 mövsümünə yekun vurulub. “Sabah”ın əvəzedici komandası mövsümü 14 komanda arasında 8-ci pillədə başa vurub.

 

Sportarena.az xəbər verir ki, əvəzedici heyətin baş məşqçisi Vasif Haqverdiyev komandanın son mövsümkü çıxışı barədə fikirlərini klub saytına bildirib:

 

“U-19 Liqasından sonra birbaşa I Divizionda çıxış etmək bizim üçün əlverişli idi. Komandanın özəyini 2000-ci il təvəllüdlü uşaqlar təşkil edirdi. İkinci dövrədə komandamızda hətta 1998-ci il təvəllüdlü futbolçu belə yox idi. 2 nəfər 1999-cu il təvəllüdlü futbolçu var idi. Qalan oyunçularımız isə 2000, 2001, 2002, hətta 2003-cü il təvəllüdlü idilər. Məqsədimiz bu uşaqları əsas komandaya qazandırmaqdır”.

 

Mövsümün gedişində əvəzedici heyətimizin bir neçə futbolçusu əsas komandaya cəlb olundu ki, onlardan da 3-ü (Şakir Seyidov, Emil Qasımov və Reza Biqdelo) Premyer Liqada debüt etmək imkanı da əldə etdilər:

 

“Mövsümün gedişində 3 futbolçumuz – Şakir Seyidov, Emil Qasımov və Reza Biqdelo Premyer Liqada əsas komandamızda debüt etdi. Reza qısa müddətdi komandamızda olsa da, artıq əsas komandamızın baş məşqçisi Elşad Əhmədovun diqqətini cəlb edə bilib. O, “Neftçi” ilə oyunda Premyer Liqada debüt də etdi. Bundan əlavə, Zahid Mərdanov, Kənan Həsənov, Tolqar Yaqubov, Elçin Mustafayev də əsas komandanın məşqlərinə qatılmağa başladılar. Bu, sevindirici məqamdır. Elə bizim əsas məqsədimiz də bu idi. Fikrimcə, bu uşaqlar gələcək üçün ümid verirlər”.

 

“Sabah-2” mövsümü 8-ci pillədə başa vursa da, etibarlı müdafiə xətti ilə diqqət çəkdi. Haqverdiyevin yetirmələri mövsüm ərzində qapısında cəmi 20 top gördü ki, bu da, çempionatda ən yaxşı göstəricidir. Ümumilikdə Vasif bəy komandanın çıxışından razı qaldığını bildirdi. O, bu komandadakı futbolçuların potensialına inandığını qeyd etdi:

 

“Mövsümü 14 komanda arasında 8-ci pillədə başa vurduq. Ancaq sona 5 tur qalmışa kimi hətta 3-cü olmaq şansımız da var idi. Sadəcə, ehtiyat qüvvəmizin az olması, komandanın çox gənc olması buna mane oldu. Onu da əlavə edim ki, biz çempionatın ən az qol buraxan komandası olduq. Heyətin böyük hissəsinin çox gənc olduğunu nəzərə alsaq, komandamın çıxışından böyük ölçüdə – 80 faiz razı qaldım. Hazırda heyətdə 2002-ci il təvəllüdlü uşaqlar var. Çalışacağıq ki, növbəti mövsümdə onlara da şans verək. Fikrimcə, biz düzgün yoldayıq. Seçdiyimiz strategiya düzdür. Gənclərimizə şans veririk ki, gələcəkdə həm milli komandalara, həm də əsas komandaya cəlb olunsunlar. Fikrimcə, uşaqlar günü-gündən inkişaf edirlər. Bir məşqçi olaraq bunu hiss edirəm”.


Digər xəbərlər

Xəbər xətti