“Qarabağ”ın futbolçusu Mahir Mədətov soyadını dəyişməsi ilə bağlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, Mahir “Report”a müsahibəsində sosial şəbəkələrdə paylaşılan yeni şəxsiyyət vəsiqəsinin özünə məxsus olduğunu bildirib:
“Ailə problemlərim artıq heç kimə sirr deyil. Babamın adı Emrelini özümə soyad götürmüşəm. Bu, anamın soyadı deyil. Babam yarı avar, yarı azərbaycanlı olub. Ailəmizdə bu soyad bir dayım oğlunda, bir də məndədir”.
Mahir atası Anar Mədətovla anası Elnurənin ayrılmasının gələcəkdə karyerasına hər hansı təsirinin olmayacağını deyib:
“Mənim vəzifəm anamın, bacımın yanında olmaq idi. Bundan sonra da belə olacaq. Onlara sahib çıxmalıyam. Sadəcə, hər şey ani olduğu üçün şok keçirdim. Anam və bacım gözlərini mənə dikiblər, onlar üçün çox vacibəm. Eləcə də onlar mənim üçün. Çalışıram ki, öz işimlə onları da sevindirim. Qızıl medalı da, çempionluğu da, bombardirliyimi də - hər şeyi onlara həsr edirəm”.
Futbolçu bundan sonra formasında soyadının yazılmayacağını deyib: “Sadəcə Mahir. Artıq soyad məsələsini unudaq”.
Xatırladaq ki, prodüser Anar Mədətov həyat yoldaşından boşanmamış vizajist Samirə Abbasova ilə evlənib. Bu hadisədən sonra Mahir "Mədətov" soyadını "Emreli" olaraq dəyişib.