Azərbaycan çempionu “Qarabağ” Topaz Premyer Liqasındakı uğurlu seriyalarını davam etdirib.
Sportarena.az PFL-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri sonuncu – XXVIII turun “Neftçi” ilə oyununda 3:2 hesabı ilə qalib gələrək məğlubiyyətsiz seriyasını 20-yə, ardıcıl qələbə sayını 8-ə yüksəldib.
IX turun ötən il oktyabrın 28-də keçirilən “Neftçi” ilə səfərdəki görüşündə 1:3 hesabı ilə uduzandan sonra “Qarabağ” ardıcıl 20 matçda xal qazanıb. Ağdamlıların son itkisi isə XX tura təsadüf edib. Martın 9-da “Zirə”ylə evdəki qolsuz heç-heçədən sonra Qurbanovun komandası qələbələri sıralayıb.
Bu, klubun tarixində finişdəki ən uzun qələbə seriyasıdır. Mövsümün gedişində daha uzun seriyalara malik “Qarabağ” heç vaxt mövsümü 8 və ya daha çox ardıcıl qələbə ilə başa vurmamışdı. Bunadək rekord 1992-ci ilin göstəricisi idi. Həmin vaxt ağdamlılar son 7 qarşılaşmadan qalib ayrılmışdı. 2005/06 mövsümündə isə finişdə 6 qələbə qeydə alınıb. Ümumiyyətlə isə sonluqdakı qələbə sayında mütləq rekord “Turan”a məxsusdur. Tovuzlular 1993/94 mövsümünün son 14 oyununda qələbə qazanıblar.