“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası Fransada təşkil olunan “Snaf Mondial Cup”da çıxışını başa vurub.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” yarışın sonuncu günündə 9-10-cu yerlər uğrunda oyunda qüvvəsini sınayıb. Zaur Hacıyevin baş məşqçisi olduğu komanda “Monako” ilə üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Qalib gələn “Knyazlıq klubu” 9-cu, “Qəbələ” isə 10-cu yeri tutub.
Xatırladaq ki, San Nazer şəhərində təşkil olunan yarışa A qrupunda başlayan “Qəbələ” bu mərhələdə “Monako”ya 0:3, “Anje” (hər ikisi Fransa) və “Benfika”ya (Portuqaliya) eyni – 0:1 hesabı ilə uduzub. Komandamız 9-16-cı yerlər uğrunda mübarizədə “Brest”i 1:0, “Tuluza”nı (hər ikisi Fransa) 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında məğlub edib – 3:2.