Zöhrə Ağamirova Avropa çempionatının finalına yüksəldi

21:05 18 May 2019

Azərbaycanın bədii gimnastı Bakıda keçirilən 35-ci Avropa çempionatının finalına vəsiqə qazanıb.

 

Sportarena.az xəbər verir ki, təmsilçimiz Zöhrə Ağamirova gürzlərlə yarışlarda 20,800 xalla altıncı olub və finala adlayıb. Z.Ağamirova ilə yanaşı, finalda rusiyalı əkiz bacılar Dina və Arina Averina, Katrin Taseva (Bolqarıstan), belaruslu Anastasia Salos, Ukrayna təmsilçisi Vlada Nikolçenko, sloveniyalı Yekaterina Vedeneva və israilli Nikol Zelikman mübarizə aparacaqlar.

 

Z.Ağamirova lentlə yarışlarda 24-cü olub.Digər gimnastımız Veronika Qudis gürzlərlə mübarizədə 20-ci, lentlə yarışlarda isə 30-cu yerdə qərarlaşıb.

 

Z.Ağamirova çempionatın ikinci günündə halqa ilə yarışlarda finala vəsiqəni təmin etmişdi.

 

Mayın 19-da yekun vurulacaq çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edirlər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.

 

Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.


Digər xəbərlər

Xəbər xətti