Bu gün "Neftçi"nin sabiq futbolçusu Julius Vobayın 35 yaşı tamam olur.
Sportarena.az xəbər verir ki, 1984-cü il mayın 19-da dünyaya gəlmiş yarımmüdafiəçi 2012-2015-ci illər ərzində "ağ-qaralar"ın heyətində çıxış edib, 2013-cü ildə Azərbaycan çempionatının və kubokunun qalibi olub.
Klubun rəsmi saytı bu münasibətlə təcrübəli oyunçuya bir neçə sual ünvanlayıb.
- Doğum gününüz mübarək, Julius!
- "Neftçi" PFK-ya təşəkkürümü bildirirəm ki, məni unutmurlar və ad günü münasibətilə təbrik edirlər. Bu klub həmişə mənim ürəyimdədir. Artıq məşqçi olmaq üçün tədbirlər görürəm. Nə vaxtsa "Neftçi”də çalışmağı çox istərdim.
- Doğum gününüzü necə qeyd edəcəksiniz?
- İlk növbədə onu bildirmək istəyirəm ki, hər keçən ilə görə Allahıma minnətdaram. Bu dəfə ad günüm Müqəddəs Ramazan ayına düşür deyə, xüsusi tədbir görməyəcəyəm. Ramazan ayı bitəndən sonra isə ailəmlə birlikdə ad günümü qeyd edəcəyəm.
- Ən yaddaqalan doğum gününüz hansı olub?
- Ən yaddaqalan doğum günüm elə "Neftçi”də oynayan vaxta təsadüf edib. Klubda son ilim idi, dostlarımla yığışıb çox gözəl bir ad günü keçirmişdik.
- "Neftçi”dəki sabiq komanda yoldaşlarınızdan kimlərləsə əlaqə saxlayırsınızz? Ümumiyyətlə, keçmiş komandanızın oyununu izləyirsiniz?
- "Neftçi”ni izləyirəm. Klubun "İnstagram” hesabına yazılmışam. Komandanın nəticələri ilə həmişə maraqlanıram. Keçmiş komanda yoldaşlarımla da ünsiyyətdə oluram. Bu klubun azarkeşlərinin qəlbimdə xüsusi yeri var. Hər zaman mənə dəstək verirdilər. Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm.