"Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlı "Xəzər" TV-də "Futbol saatı"nın qonağı olub.
Sportarena.az xəbər verir ki, klub rəsmisi "Neftçi" ilə anlaşan komandanın fransalı futbolçusu Stiven-Jozef Monroza yeni müqavilə təklif etmədiklərini deyib:
"Biz Monrozu saxlamaq üçün danışmamışdıq. O da müqaviləsinə uyğun hərəkət edirdi. Komandaya kömək edirdi, qollar vururdu. Qaydalara əsasən, futbolçu müqaviləsinin başa çatmasına 6 ay qalmış istənilən klubla danışa və müqavilə bağlaya bilər. Belə olan halda ona mane ola bilmərik. Ancaq bizə həmişə deyirdi ki, belə məsələ yoxdur, nəsə olsa, sizə məlumat verəcəm. Ola bilər ki, agenti danışıqlar aparıb. Ola bilər ki, "Neftçi"dən başqa klublarla da danışıqlar aparıb və uyğun variantı seçəcək. Qeyr-adi nəsə yoxdur, oynadığı klubdan təklif almayıb. Bizə lazım olan o idi ki, bu söz-söhbət oyununa təsir etmədi. Kubokun finalında qol vurdu, bizə çox faydası oldu".
Səfiyarlı komandadan ayrılan futbolçuları açıqlayıb:
"Müqaviləsi bitən futbolçulara gözləmələrini demişik. Heç kimə deməmişik ki, özünüzə komanda tapa bilərsiniz. Lalavele Atakora, Sabien Lilay və Stiven-Jozef Monrozla yola davam etməyəcəyik. Rəhbərlik belə qərar verdi. Digər futbolçularla büdcəmizə görə danış aparacağıq. Cavid Hüseynovun da adı başqa klublarla hallanır. Ancaq bu gün ofisdə idik və gözləməli olduğunu dedik".