Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkil etdiyi IV Heydər Əliyev Kubokuna yekun vuruldu. Naxçıvan Muxtar Respublikasında 4 gün davam edən və dairəvi sistem üzrə keçirilən yarışda 4 komanda – “Şüvəlan”, MOİK, “Araz-Naxçıvan” və “Arpaçay” qalib adı uğrunda mübarizə apardılar.
Sportarena.az PFL-ə istinadən xəbər verir ki, yarışın sonuncu günündə, həlledici qarşılaşmalardan öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olundu. Gülqoyma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan MR Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev, hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri və digər rəsmi şəxslər iştirak etdilər.
Daha sonra “Arpaçay” və “Araz Naxçıvan” mübarizəsi baş tutdu. Bu oyunda 3:0 hesabı ilə qalib gələn “Araz –Naxçıvan” 3-cü yeri təmin etdi. Sonuncu oyunda isə “Şüvəlan” və MOİK üz-üzə gəldilər. Çempionluq üçün “Şüvəlan”a 1 xal yetərli idisə, MOİK mütləq qələbə qazanmalı idi. Lakin “Şüvəlan” işinin öhdəsindən layiqincə gəldi və 1-0 hesabı ilə qalib olaraq kuboku muzeyinə apardı, MOİK isə ikinci oldu. Oyunda vurulan yeganə qolun müəllifi Tural Qürbətov ümumilikdə 7 qolla turnirin bombardiri oldu. Ən yaxşı qapıçı adına “Şüvəlan”ın üzvü Həsən Hüseynov, ən yaxşı sahə oyunçusu adına isə Turqay İbrahimov layiq görüldü.
Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan MR Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim etdilər.