UEFA Avropa Liqasını finalı çərçivəsində sabah Bakıda “Çelsi” ilə qarşılaşacaq “Arsenal”ın futbolçuları Qranit Caka və Sokratis Papastotopulos mətbuat konfransında iştirak edib.
Sportarena.az onların açıqlamalarını təqdim edir:
- Siz düşünürsüz ki, bütün Yunanıstan sabah sizi dəstəkləyəcək?
Sokratis: Hesab edirəm ki, sabah bütün yunan xalqı “Arsenal”ı və bizi dəstəkləyəcək. - Ola bilər ki, sabah Kosielni “Arsenal”da sonuncu matçına çıxacaq.
- Hesab edirsiniz ki, kuboku məhz o qaldırmalıdır?
Sokratis: Bizim əsas hədəfimiz sabah kuboku qazanmaqdır. Ondan sonra digər məslələr haqqında düşünərik.
- Komandanız Bakıya mayın 25-də, “Çelsi” isə dünən gecə gəlib. Bu sizə əlavə üstünlük verir?
Caka: Tez gəlmişik və özümüzü yaxşı hiss edirik. Bilmirəm bu bizə necə təsir edəcək, amma yaxşı hazırlaşırıq.
- Emeri 3 dəfə bu turnirin qalibi olub. Siz özünüzdə nə dərəcədə məsuliyyət hiss edirsiniz?
Caka: Emerinin böyük təcrübəsi var, isrəyirik ki, qələbə qazanmaqla onu məmnun edək. - Bu turnirdə qələbə qazanmaq həm də ÇL-yə vəsiqə deməkdir.
- Bu barədə nə deyə bilərsiniz?
Caka: Düşünürəm ki, biz ÇL-də oynamalıyıq. Amma Premyer Liqada ilk 4-lüyə düşə bilmədik. Bu isə yeganə şansdır və ondan maksimum istifadə etmək istəyirik.
- “Arsenal”ın səfərdə yaxşı çıxış etmədiyi deyilirdi, amma “Napoli” və “Valensiya” ilə oyunlar bu düşüncəni dəyişdi. Siz nə düşünürsüz?
Caka: Bizim üçün harda oynamaq bəhanə ola bilməz. Bakıda da olsa, Londonda da olsa, qələbə qazanmaq əsas hədəfdi.
- Avrokuboklarda qələbə qazanan o qədər də çox isveçrəli oyunçu yoxdu. Sizin üçün bu titul nə qədər önəmlidi?
Caka: Mənimlə birlikdə “Arsenal”da daha bir isveçrəli var və biz bu titulu qazansaq, böyük qürur hissi olacaq.