“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandasının qatıldığı Polşanın Krakov şəhərində keçirilən “Murapol Cup” turnirinə yekun vurulub.
Sportarena.az xəbər verir ki, yarışın ilk günündə öncə Polşa klubları ilə qarşılaşan "qırmızı-qaralar" "Yagelloniya"ya 0:1 hesabı ilə uduzsa da, ardınca "Lexiya" üzərində qələbə qazanıb - 2:0. Komandamızın qollarına Uğur Kişiyev və Hüseyn Xasməmmədli imza atıb. Hollandiya "Herenven"i ilə 0:0 hesablı heç-heçə edən Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda ABŞ təmsilçisi "Çikaqo İqls"ə məğlub olub. Qrup mərhələsinin son matçında İngiltərənin "Mançester Yunayted" klubu ilə üz-üzə gələn “Qəbələ” 0:2 hesabı ilə uduzub. Keçirdiyi 5 oyunda 4 xal toplayan “qırmızı-qaralar” qrup mərhələsini 5-ci pillədə başa vurub.
Turnirin həlledici günündə 9-12-ci yerlər uğrunda mübarizə aparan komanda öncə "Rux"la (Polşa) qarşılaşıb. Ayxan Əmiraslanlının fərqləndiyi oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında qələbə qazanan “qırmızı-qaralar” 9-cu yer uğrunda görüşdə Polşanın digər təmsilçisi "Qurnik"ə qalib gəlib - 2:1. Hər iki qolu Həzrət Səmədov vurub. Yekunda “Qəbələ” “Murapol Cup” turnirini 9-cu pillədə başa vurub.
Komanda kuboka, baş məşqçi Şəhruz Mustafayev və futbolçu Rəsul Mirzəyev xüsusi mükafata layiq görülüb. Onlara mükafatları Polşa futbolunun məşhur simaları Miroslav Şimkovyak və Tomaş Frankovski təqdim edib.
Turnirin qalibi adını Kiyev "Dinamo"su qazanıb. Ukrayna təmsilçisi əsas vaxtı 1:1 hesabı ilə başa çatan finalda "ÇFR Kluj"a (Rumıniya) penalti seriyasında qalib gəlib. 3-cü pilləni yerli "Yagelloniya" tutub.