"Həmişə fikirləşirdim ki, Azərbaycana qayıtsam, yalnız “Qarabağ”da oynayacam" - Aylton Silva

15:29 5 İyul 2019

“Qarabağ”ın braziliyalı cinah müdafiəçisi Aylton Silvanı 1 illik icarə əsasında heyətinə qatıb.

 

Sportarena.az xəbər verir ki, yeni transfer keçidi haqda fikirlərini klubunun rəsmi saytına bildirib:

 

"Qarabağ”a gəldiyim üçün çox xoşbəxtəm, klubun hədəflərindən xəbərim var və əsas məqsədim Çempionlar Liqasının qrupuna gedən yolda komandama kömək etməkdir. Vaxtı ilə Azərbaycanda oynamışam, o zaman “Qarabağ”la danışıqlar olmuşdu, çox təəssüf ki, yarımçıq qaldı. Həmişə fikirləşirdim ki, Azərbaycana qayıtsam, yalnız “Qarabağ”da oynayacam. “Qarabağ”la avrokuboklarda oynamaq şansı daha çoxdur və daha çox diqqət mərkəzində olursan"

 

Aylton yeni komandasının oyun tərzi və rəqabətdən danışıb: ““Qarabağ”ın hücum, baxımlı futbol oynadığını bilirəm, komandanın daha çox topa sahib olması xoşuma gəlir. Komandanın oyunlarını izləyirdim. Cinah müdafiəçiləri hücumlarda müntəzəm iştirak edir. Burada əlimdən gələni edəcəm ki, öz ötürmə və qollarımla komandama kömək edim. Bura ehtiyatda oturmaq üçün yox, oynamaq üçün gəlmişəm. Məşqlərdə var gücümlə çalışacam ki, oyunlarda verilən şanslardan maksimum istifadə edib əsas heyətin üzvünə çevrilim”.

 

24 yaşlı sol cinah müdafiəçisi ən qısa zamanda tam hazır olmaq üçün əlindən gələni edəcəyini bildirib: “Komanda yoldaşlarımın hansı fiziki durumda olduğunu deyə bilmərəm, mən son iki həftədir “Ştutqart”la məşqdə iştirak edirdim, düzdür, hələ tam hazır deyiləm və ancaq qısa zamanda tam hazır olacağıma ümid edirəm. Avrokuboklarda ilk oyunu cəza səbəbindən buraxacağıma görə çox məyusam. İstərdim, ilk oyundan məşqçinin ixtiyarında olum, amma nə etmək olar ? Cavab oyununda meydanda olmaq üçün çalışacam”.

 

"Ştutqart"dan 1 illəy icarəyə götürülən Silva komandaya ən qısa zamanda uyğunlaşacağını da dilə gətirib: “Azarkeşlər komanda üçün meydanda hər şeyini ortaya qoyacaq, avrokuboklarda uğur qazanmaq üçün əlindən gələni edəcək bir Aylton görəcək. Avrokuboklarla yanaşı, həm ölkə çempionatında, həm də kubokda da uğurlu nəticələr qazanmaq istəyirəm. Özümü tam bu uğurlara kökləmişəm. Komandaya gəlməmişdən əvvəl Riçard Almeydayla danışdım, o,burada gözəl ab-havanın olduğunu bildirdi. Komandada 3 ispaniyalı və braziliyalı olması oxşar dil baxımından tez uyğunlaşmağıma kömək edəcək. Bununla yanaşı Araz Abdullayev və Rahil Məmmədovla birlikdə oynamışam. Ümid edirəm ki, komandama ən qısa zamanda adaptasiya olacam”.


Digər xəbərlər

Xəbər xətti