Futbol üzrə 2019/20 mövsümünün Əsasnaməsində bir sıra dəyişikliklər edilib.
Sportarena.az xəbər verir ki, bu barədə "Report”a Peşəkar Futbol Liqasının (PFL) Yarışların Təşkili Departamentinin rəhbəri Elgiz Abbasov məlumat verib.
Onun sözlərinə görə, yenilənən Əsasnamə Avropanın aparıcı futbol ölkələrinin təcrübəsinə uyğun şəkildə tərtib olunub: "Əsasnaməni beynəlxalq təcrübədən yararlanaraq müasirləşdirmişik. Eyni zamanda ötən mövsüm yaşadığımız problemlərlə bağlı qeydlər vardı. Onları da aradan qaldırmışıq. PFL-in İşçi Qrupu Əsasnamə üzərində 40 günə yaxın işləyib. Yenilənmiş Əsasnamə Premyer Liqanın püşkatması zamanı klublara və digər aiddiyatı şəxslərə təqdim olunacaq".
Abbasov bildirib ki, PFL tərəfindən vahid oyun günü proqramı təsdiqlənərək klublara göndərilib: "Artıq klublar oyun günü nəyi nə zaman və necə etməyi dəqiqliklə biləcəklər. Əvvələr müxtəlif suallar ortaya çıxırdı. Məsələn, iclas saat neçədə olacaq, matçın protokolu nə zaman təqdim edilməlidir, stadiona nə vaxt gələk, məşqə nə vaxt çıxaq, qazonu nə vaxt sulayaq və s. Daha bu kimi problemlər olmayacaq. Premyer Liqada olduğu kimi, I Divizionda da futbolçular mövsüm ərzində yalnız bir nömrə altında çıxış edə biləcəklər. Həmçinin I Divizionun oyunları zamanı stadionda diktorun olması tələb kimi qeyd edilib. Əvvəllər bu, tövsiyə xarakteri daşıyırdı”.
Departament rəhbərinin sözlərinə görə, PFL-in yeni bazası formalaşdırılıb: "Baza 3 hissədən ibarətdir. Birincisi, PFL-in öz bazasıdır. Bura futbolçuların müqavilələri, cəza, cərimələri və s. barədə geniş məlumatlar daxildir. İkincisi, oyunların elektron protokolları olacaq. Üçüncü hissə isə klublar üçündür. Artıq klublar heyətlərinə yeni oyunçu cəlb edən zaman PFL-in saytında lazımi məlumatları yerləşdirəcəklər. Biz isə onlara baxaraq qərar verəcəyik: qəbul olunsun, ya yox”.
Qeyd edək ki, 2019/2020 mövsümünə 16 avqustda Premyer Liqanın açılış oyunu ilə start veriləcək.