Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Dundalk" (İrlandiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, iyulun 30-u "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçi Qurban Qurbanov saat 18:15-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:30-də Suraxanıda yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Dundalk"un baş məşqçisi isə saat 19:30-da "Dalğa Arena"nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İrlandiya təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
Qeydiyyatdan keçmiş KİV nümayəndələri iyulun 30-u, saat 14:00-dan 17:00-a qədər akkreditasiyalarını Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən, saat 17:45-dan 18:15-ə qədər isə "Azərsun Arena"nın mətbuat konfransı otağından edə bilərlər.
Klubun ayırdığı avtobus iyulun 30-u, saat 17:15-də media mənsublarını Respublika stadionundan "Azərsun Arena"ya, 18:50-də isə "Azərsun Arena"dan "Dalğa Arena"ya aparacaqdır.