Qurban Qurbanov: "Belə düşüncələr özümə də mane ola bilər"

19:43 30 İyul 2019

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda sabah İrlandiyanın “Dandolk” klubunu qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

 

Sportarena.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

 

- Çox vacib oyuna hazırlaşırıq. Cavab matçı həmişə bizi daha diqqətli olmağa məcbur edir. Ələlxüsus da belə rəqiblərə qarşı. Hər iki komanda çox istəklidi. Nə qədər çətin olsa da, mənə elə gəlir ki, sabah bizi maraqlı oyun gözləyir. Çalışacağıq, maraqlı futbol oynayaq və uğurlu nəticə qazanaq.

 

- Zədəlilərin son durumu nə yerdədi?
- Bədavi Hüseynovda durum heç də yaxşı deyil. O hətta fərdi məşqlərə belə başlamayıb. Məşqlərə başladı, ancaq hiss etdi ki, vəziyyət yaxşı deyil və məşqləri dayandırdı. Dünən MRT olundu və qərar verdik ki, hələ müalicə davam etməlidi. Digər zədəlilər 100 faiz hazır olmasalar da, onlarda durum yaxşılığa doğru gedir.

 

- Qeye və Faysal sabah oynaya bilər?
- Hazırlıqları əvvələ nisbətən yaxşıdı. Amma öz optimal formalarından uzaqdılar. Əsas heyətdə olmayacaqlar. Ən azından birinin “18-lik”də olmaq ehtimalı var. Hansı daha çox lazım ola bilərsə, onu heyətə daxil edəcəyik.

 

- Rəqibə uyğun olaraq taktiki planda dəyişiklik ola bilərmi?
- Bütün rəqiblərə qarşı dəyişikliklər olur. Həmişə çalışmışıq ki, öz oyun üslubumuzu qoruyub saxlayaq və daha da yaxşılaşdıraq. Ancaq rəqibin qarşısını almaq da vacibdi. Hardasa səhvlər ola bilər, ancaq buna diqqət ayırmışıq. Rəqibin oyununu analiz etmişik. Çalışacağıq ki, rəqibin istədiklərinin qarşısını alaq. Ancaq öz oyunumuzdan da imtina etməyəcəyik.

 

- İrlandiya millisinin baş məşqçisi Makkarti deyib ki, “Qarabağ” əsəbi oynayacaq...
- İnşallah, əsəbləşmərik. Futbol bilirik nə deməkdi. Bir az aqressivlik lazımdı. Ancaq rəqibə qarşı əsəblilikdən söhbət getmir. Ümumən, kollektiv şəklində belə matçlarda səbrli olmalı və özümüzü təmkinli aparmalıyıq. İdman prinsiplərinə uyğun əsəbilik olsa, buna şad olarıq.

 

- Avrokuboklarda digər təmsilçimiz “Neftçi” Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq. “Ağ-qaralar”ın mərhələ keçmək şansı nə qədərdi?
- İnşallah keçəcəklər. “Neftçi”yə uğurlar arzulayıram. Avrokuboklarda xala ehtiyacımız var. Ölkə reytinqi yaxşılaşmalıdı. Keçmək bir yana, qələbə ilə mərhələ adlamaq daha yaxşıdı. Ona görə də həm “Qəbələ”, həm də “Neftçi”yə uğur arzulayıram.

 

- Mahir Mədətovun adı İspaniya klubları ilə hallanır...
- Oyuna hazırlaşırıq, matçı başa vuraq, ondan sonra bu barədə danışarıq.

 

- 3-cü mərhələdəki potensial rəqibiniz də bəllidi. Necə fikirləşirsiz, daha yaxşı ola bilərdimi?
- Hamımızın düşüncəsi sabahkı oyuna yönəlib. Məqsəd bu turnirdə davam etməkdi. Belə düşüncələr mənim özümə də mane ola bilər. Bütün fikrimizi bu matça yönəltmişik.


Digər xəbərlər

Xəbər xətti