Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" sabah II təsnifat mərhələsinin cavab matçında "Dundalk"ı qəbul edəcək.
Sportarena.az xəbər verir ki, oyundan bir gün öncə keçirilən mətbuat konfransına qatılan İrlandiya təmsilçisinin baş məşqçisi Vinni Pert sabahkı qarşılaşma barədə fikirlərini bölüşüb:
"Bizim bir arzumuz var. Rəqibə qarşı rəqabət aparmaq istəyirik. Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik. Daha keyfiyyətli hücumlar etməyə çalışacağıq. Sabahkı matç çox vacibdir. Penaltilərə hazırıq. Nəzərə alsaq bundan öncəki mərhələdə penalti seriyasında qələbə qazanmışıq. Bu baxımdan bizdə təcrübə var. Düşünürəm ki, sabahkı matçın taleyi 90 dəqiqə ərzində həll olunacaq".
Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundalk" matçı saat 21:00-da başlayacaq.