Roberto Bordin: "Stadiona gedə bilməyəcəyəm"

18:34 31 İyul 2019

"İlk oyunla müqayisədə cavab matçı daha çətin olacaq".

 

Sportarena.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Bakıda Rusiyanın "Arsenal" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

 

İtaliyalı mütəxəssis bildirib ki, rəqib oyunun nəticəsinə təsir edə biləcək dəyişikliklər etməyə çalışacaq: "Arsenal" güclü komandadır. Bunu ilk görüşdə də nümayiş etdirdilər. Təslim olmadılar, sona qədər mübarizə apardılar. Ona görə də sona qədər diqqətli olmalıyıq. Konsentrasiyanı itirməməliyik. Əlbəttə, London və Tula "Arsenal"ını müqayisə etməzdim. Hər komandanın özəllikləri var. Tula təmsilçisi zəif deyil. Onlar bura boşuna vaxt keçirməyə gəlməyiblər. Niyyətləri sərfəli nəticə qazanmaqdır. İlk görüşdən sonra cüzi üstünlüyümüz var. Üstəlik, evdə oynayacağıq. Lakin ilk dəqiqədən sona qədər döyüşmək lazımdır".

 

Bordinin sözlərinə görə, cavab görüşü ərəfəsində ilk oyunun nəticəsini düşünmək düz olmaz: "İlk oyundakı nəticə bizə bir qədər üstünlük verir. Ancaq hələ cavab qarşılaşması var. Düşünmürəm ki, sabah istər biz, istərsə də rəqib tərəfindən sürpriz olacaq. Meydana qətiyyən ilk oyunun nəticəsini düşünərək çıxmaq olmaz. Hələ bir məşqimiz var. Bundan sonra heyəti müəyyənləşdirəcəyik. Məşqçi üçün vacib amil odur ki, bütün oyunçularının xidmətindən istifadə edə bilsin".

 

Baş məşqçi deyib ki, bərpa prosesi keçən hücumçu Baqali Dabo meydana çıxa biləcək. İtaliyalı mütəxəssis bildirib ki, "Arsenal"ın avrokubok təcrübəsinin olmaması "Neftçi" üçün üstünlük deyil: "Təcrübə hər zaman vacibdir. "Arsenal"ın beynəlxalq təcrübəsi olmasa da, yaxşı oyunçu və baş məşqçi ilə Rusiya Premyer Liqasında "Zenit", "Spartak" kimi komandalara qarşı oynayır. Hazırda Azərbaycandan fərqli olaraq Rusiya Premyer Liqasının davam etməsi rəqib üçün üstünlük ola da bilər, olmaya da. Fiziki cəhətdən komanda formada olur, amma ardıcıl matçlar yorğunluq da yarada bilər. Bizim üstünlüyümüz futbolçuların istirahəti üçün vaxtımızın olmasıdır. Tulada oyundan qabaq qələbə qazancağımı deməmişdim. Əlbəttə, futbolçularıma inamım böyükdür".

 

Bordin "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dundalk"ı ilə keçirəcəyi matç haqqında da danışıb: "Qarabağ" ilk oyunda nəticə qazanıb. Düşünürəm ki, Bakıda "Dundalk"la cavab görüşü çətin olmayacaq. Mən də onlara uğurlar arzulayıram. Burada Azərbaycan adı ortaya çıxır. Stadiona gedə bilməyəcəyəm, amma oyunu izləyəcəyəm".

 

Qeyd edək ki, avqustun 31-də "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq. "Neftçi" Tulada baş tutan ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.("Report")


Digər xəbərlər

Xəbər xətti