Azərbaycan cüdoçuları Yaponiyada keçirilən dünya çempionatının 3-cü günündə 2 medal qazanıb.
Sportarena.az xəbər verir ki, hər iki medal 73 kq çəki dərəcəsində əldə edilib. Hidayət Heydərov bürünc medal uğrunda görüşdə əlavə vaxtda Tacikistan idmançısı Somon Maxmadbekova qalib gələrək dünya üçüncüsü olub.
Bu çəkidə çıxış edən digər cüdoçumuz Rüstəm Orucov isə yalnız final görüşündə uduzub. O, həlledici görüşdəi yaponiyalı olimpiya və dördqat dünya çempionu Sexey Ono "ippon"la uduzaraq gümüş medala layiq görülüb. Qeyd edək ki, yarımfinalda Rüstəm komanda yoldaşı Hidayət Heydərova qalib gəlməklə finala yüksəlmişdi.
Bu gün mübarizəyə qoşulan milli komandamızın digər üzvü - qadınlar arasında 57 kq çəkidə çıxış edən monqolustanlı legioner İçinxorloo Munxtsedev isə elə ilk görüşdə uduzaraq mübarizəni dayandırıb.
Yarışın əvvəlki 2 günündə isə Azərbaycan cüdoçularından Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) uğursuz çıxış edib.