17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd “Viktor Bannikov” beynəlxalq turnirində bu gün Ukrayna yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Sportarena.az xəbər verir ki, o, 2:4 hesablı məğlubiyyətdən danışıb:
“Yeni komandayıq, oyundan-oyuna həm taktiki, həm də fiziki baxımdan yüksəlişi görürük. Atletik keyfiyyəti yüksək olan komandaya qarşı oynadıq. Hesabda geri olmağımıza, ilk hissədə bir nəfər azlıqda oynamağımıza baxmayaraq, komanda fasilədən sonra xarakter göstərərək iki qol vurmağı bacardı. Düşünürəm ki, belə güclü komandalarla oynayaraq səviyyəmizi yüksəltməliyik. Dayanmadan, əzmlə istədiyimiz nəticəni alanadək çalışmalıyıq. Ümumiyyətlə, bütün futbolçulara fərdi yanaşma olmalıdır. Futbolçular da öz üzərilərində çox çalışmalıdırlar. Yüksək liqalarda oynayaraq oyun praktikası qazanmaq lazımdır. Milliyə bütün kriteriyalarda hazır olan futbolçular dəvət almalı və iştirak etməlidir”.