“Şehiçlə razılıq yoxdur” - Qurban Qurbanov

09:00 2 Sentyabr 2019

Azərbaycan Premyer Liqasının III turunun son qarşılaşmasında “Səbail” üzərində səfərdə 4:0 qələbə qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bölüşüb.

- Futbolçularımı təbrik edirəm. Həm qalib gəldik, həm də yaxşı oyun oldu. Oyunçularım çox istəkli idilər. Aftandil Hacıyevə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Rəqib ilk dəqiqələrdə aqressiv idi, yaxşı pressinq tətbiq edirdilər.

 

- Sabiq qapıçınız İbrahim Şehiçin keçidi nə yerdədir?

- Razılıq yoxdu. Başqa variantlar var. Hazırda danışıqlar gedir. - Başqa mövqeyə də transfer gözlənilir? - Daha iki mövqeyi də gücləndirmək istəyirik.

 

- Oyunun ilk dəqiqələrində Ağabala Ramazanov futbolçularınıza qarşı çox aqressiv idi. Nə fikirləşdiniz?

- Heç bir şey. Ağabala aqressiv futbolçudur.

 

- 1:0, 3:0, 4:0. “Qarabağ”ın müdafiə xətti belə güclüdü, yoxsa Azərbaycan çempionatındakı komandaların hücum potensiallı aşağıdı?

- Futbolçularımız səliqəli oynayır, tapşırıqları yerinə yetirirlər. Bu gün qol buraxmırıq, deyirik müdafiəmiz əzəmətlidir, sabah bir neçə qol buraxacağıq və deyiləcək ki, zəifdir müdafiəmiz. Sadəcə, hər oyuna maksimal konsentrasiya ilə yanaşmalıyıq. Amma qol buraxmamağımız məni sevindirir.

 

- Yaranan fasilə komandanıza necə təsir göstərəcək?

- Düşünürəm ki, millilərə getməyən futbolçularıma müsbət təsir edəcək. Ancaq milli üzvləri ağır oyunlara gedir və bu, əlavə psixoloji yüklənməyə səbəb olacaq.

 

- Çempionatın ən formada olan komandasının qapısına 4 top vurursunuz, “Neftçi”dən 5 xal öndəsiniz. Çempionat bitdi?

- Cəmi bir məğlubiyyət və fərq 3 xal azalır. Ümumiyyətlə, belə fikirdən uzağam. Dəfələrlə şahidi olmuşuq ki, kimsə 7-8 xal öndə olub, lakin sonra çempion ola bilməyib. Qarşıda xeyli oyunlarımız var. Özü də olduqca ağır. Bir neçə futbolçumuz zədələnir, bir neçəsi vərəqə limitini doldurur və bəzən futbolçu qıtlığı yaşayırıq. Üstəlik, hər bir rəqib bizə qarşı xüsusi motivasiyalı olur.

 

- “Qarabağ” daha rəngarəng olub?

- Hər il dəyişiklik olur. Futbolda sürət artır. Topa sahib olmaq çox önəmlidir. Yaxşılığa doğru addım atmaq istəyirik. Bir şey var ki, biz rəqib imkan verdiyi qədər hücum edirik. Bu il avrokuboklarda qarşılaşdığımız bütün rəqiblərə qarşı bizə çətin oldu.


Digər xəbərlər

Xəbər xətti