Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun “Neftçi” – “Sumqayıt” (2:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib:
- 1 xal üçün gəlmişdik. Keçən tur da məğlub olmuşduq. İlk hissədə istədiyimiz qolu vura bildik. Oyunu əks-hücumların üzərində qurmaq istəyirdik. “Neftçi”nin durumu bizdən də pis idi. Təəssüf ki, qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin oldu. Dəyişikliklər etdik, amma son 1 dəqiqəni dözə bilmədik. Bu da bəzi futbolçularımızın gənc olması və Premyer Liqa ab-havasına uyğunlaşmaması ilə bağlıdı. Yenə də vuruşduqlarına görə komandaya təşəkkür edirəm. Məni üzən bəzi səbəblər var. Bunlardan danışmalıyıq. Təəssüüf ki, Roberto Bordin hər dəfə kimlərəsə nələrisə öyrətmək istəyir. Amma getsin öz komandasına tərbiyə versin. Mənim futbolçularımdan kimsə rəqib komandanın məşqçilərini söysə, mən onu qovaram. Təəssüf ki, millidə Anton Krivotsyuk kimi futbolçular oynayır. Mən bu gün futbola nifrət etdim. Gəlib bizə niyə söyüş söyür? Neyləmişik ki? Axırıncı dəqiqədə top çıxıb, futbolçumuz yerdə qalıb. Bordin müəllim, başqa vaxt gəlib vaxt uzatmaqdan şikayətlənirsiz, topu niyə vermədiz? Azərbaycana gəlib futbol öyrətmək lazım deyil. Bu da onun tərbiyəsiz komandası!
- Etibar Tarverdiyevin sizə əl-qol atması necə?
- Futbol aqressiya oyunudu. Biz də əsəbləşirik. Mən futbolçuları ordan çəkmək istəyirdim. Anton pis söyüş söydü. Azərbaycanda elə sözə görə adamı öldürürlər. Bəlkə, Ukraynada onun üçün normaldı. Heç kim valideynlərini küçədən tapmayıb. Onun başını kəsərlər. Mən 20 futbolçunun qabağını kəsə bilmərəm. Ancaq onları çölə çıxarmaq istəyirdim. Etibarın onun sakitləşdirmək əvəzinə bizim üzərimizə gəlməsi normal deyildi. Antonun o hərəkətinə görə Vurğun qırmızı vərəqə aldı. Bu gün “Sumqayıt”la yox, getsinlər o büdcə ilə “Qarabağ”la prinsip aparsınlar.
- Keçən tur hakimlik barədə danışmağınız AFFA tərəfindən narazılıqla qarşılandı. Bu gün razı qaldınızmı?
- Sualınız odu ki, mən yenə cəza alım (gülür).
- Epizodların birində Əmir Ağayev cərimə meydançasında yerdə qaldı. Amma haqqınızı tələb etmədiz...
- Epizodu görməmişik. Belə danışmaq olmaz. Bu hadisə olmasaydı, mən “Neftçi”ni tərbik edərdim. Problem deyil, yenə təbrik edirəm. Gəlib bizə küçə söyüşü söyməsi pis təsir etdi. Gör, millinin formasını kimlərə etibar edirik.