“Qəbələ”nin sabiq meneceri Səbuhi Səfiyarlı Qol.az saytına müsahibə verib.
- Sabiq klubunuz olan “Qəbələ” Premyer Liqanın ilk 3 turunda bir xal belə toplaya bilməyib. Komandanın sonuncu yerdə olmasının səbəbini nədə görürsünüz?
- Əslində çempionat başlamazdan əvvəl “Qəbələ”nin heyətinə baxdıqda sonuncu yerə layiq olduğunu düşünmürdüm. Fikirləşirdim ki, “Sumqayıt”a qalib gələcəklər, “Qarabağ”a səfərdə uduzacaqlar, ancaq “Keşlə” ilə ən azı heç-heçə oynayacaqlar. 3 turdan xal gözləyirdim. Ancaq elə oldu ki, “Qəbələ” gözlənilənlərdən qat-qat zəif oynadı. Avrokuboklarda keçirdikləri oyunları izlədikdə başa düşdüm ki, komandada görüləsi çox iş var.
- “Keşlə”yə məğlubiyyətdən sonra baş məşqçi Sənan Qurbanov istefa verdi. Bu istefanı gözləyirdiniz?
- Aydın məsələdir ki, 3 turdan sonra komanda nəinki qələbə qazanmayıb, hətta qol da vura bilmirsə və buna bir işartı yoxdursa, bu o deməkdir ki, dəyişikliyə ehtiyac var. Baş məşqçi istefası gözlənilən idi. Nəticə olmayanda baş məşqçi özü istefa verir. Onun üçün mənfi nəticələri aradan qaldırmaq çətindir. Komanda bundan əvvəl Avropa Liqasında “Dinamo” (Tbilisi) ilə matçlarda da yaxşı təsir bağışlamadı, qol vura bilmədi. İndi komandada keçən mövsümdə olduğu kimi, Cavid Hüseynov, Rauf, Monroz kimi fərdi ustalıqları sayəsində irəlidə fərqlənən oyunçular yoxdur. Nəticələrin belə olması komanda oyununun olmamasından və fərdi oyun bacarığı olan futbolçuların yoxluğundan xəbər verir. Heyətdə yalnız Kaukaunun statistikasına baxanda görürsən ki, 2018-ci ilin mayında Fransa Liqasında qol vurmuş futbolçudur. Bu futbolçuya daha böyük ümidlər var. Zədə aldığına görə özünə gəlməyi bir qədər ləngiyir. Digər oyunçular onun səviyyəsində deyillər ki, meydanda nəyisə həll etsinlər. Bununla belə, hesab edirəm ki, hazırkı heyət sonuncu yerə layiq deyil.
- Siz indi klub rəsmisi deyilsiniz. Çempionatımıza kənardan baxanda hansı təəssüratlar yaranır?
- Ötən mövsümlə müqayisədə indi həm “Qəbələ”nin, həm də bəzi digər klubların legionerlərinin səviyyəsi qat-qat aşağı düşüb. Bu da maliyyənin azalması ilə əlaqədardır. Əvvəllər komandalarda öz ölkəsinin əsas heyətində oynayan 3-4 legioner olardı. Türkiyə, Rusiya və Avropa çempionatlarında oynamış futbolçular bura gəlirdilər. İndikilər isə əvvəlki səviyyədə və çempionatımızı gücləndirəcək oyunçular deyillər. Klubda işləsəm də, işləməsəm də bunu görmək mümkündür. Hazırda “Qəbələ”də heyət ötənilkilərlə eyni deyil və səviyyə çox aşağı düşüb. Ümid edirik ki, müsbət dəyişiklik olacaq.
- Bir menecer kimi Azərbaycana gələn legionerlərin səviyyəsinin yüksək olmamasını necə izah edərsiz?
- Çempionatın aşağı səviyyəsi və azarkeş dəstəyi zəif olduqda oyunçuların bura gəlməyi ilə bağlı yalnız bir şikayət olur, o da maliyyədir. Maliyyə isə bizdə yüksək səviyyədə deyil. Burda oynamaq istəyən müəyyən futbolçular üçün pul müəyyən bir səviyyəyə qədər böyük rol oynayır. 200-300 minlik oyunçular pula üstünlük verirlər. Amma 500 min-1 milyonluq futbolçular eyni pulu Rusiya, Türkiyə kimi ölkələrdə də ala bilərlər deyə, bura gəlməyib, həmin ölkələrə gedirlər. Futbolçular həyat səviyyəsinə də fikir verirlər. Əksəriyyəti başqa-başqa millilərin üzvləridir. Onlar üçün oynayacağı çempionatın səviyyəsi vacibdir. Buna görə də bu tip oyunçuları gətirmək çətin olur.
Məsələn, Qazaxıstanla müqayisə edək. Düzdür, Qazaxıstanda maliyyə bizdən qat-qat yüksəkdir. Bir vaxtlar çempionatımızda yer alan oyunçular, baş məşqçilər indi Qazaxıstana gediblər. Əvvəllər çox pul verən ölkələr arasında Azərbaycanın da adı var idi. Həmin siyahıda indi ölkəmiz olmasa da, Qazaxıstanın adı hələ də qalmaqdadır. Onlarda böyük maliyyə şərtləri var. Həmin futbolçular orda keçirilən oyunlarda böyük məsafələr qət edirlər. Çünki Qazaxıstan çempionatında müxtəlif şəhərlərin klubları çıxış edir və bu şəhərlər arasındakı məsafə qat-qat böyükdür. Ona görə də Azərbaycanda çıxış edən legioner Qazaxıstana getmək üçün həmin ölkənin komandasından ikiqat maaş tələb edir. Çünki orda şərtlər daha çətindir. Futbolçular belə şeylərə çox fikir verirlər. Hər bir əlavə şərt əlavə pul deməkdir. Adicə Bakı komandasında oynamaqla bölgə komandasına getmək arasında məbləğ baxımından böyük fərq olur. Ona görə də legionerlər Avropadan bu pulu asanlıqla ala bilirlər deyə, bizim çempionata həvəsli deyillər.
- Azərbaycan çempionatında ilk 3 tur arxada qalıb. Start gözlədiyiniz kimi oldumu?
- “Qarabağ”ın lider olmağı sürpriz olmadı. Digər komandalar arasında “Neftçi”nin xal ehtiyatının az olmağı məni təəccübləndirdi. Çünki “Neftçi” Avropa Liqasında çox yaxşı, maraqlı oyun göstərdi. “Arsenal”la oyunlarda xarakter nümayiş etdirdi. “Bney Yehuda” ilə oyunlardakı məğlubiyyət rəqibə qarşı saymamazlıq, arxayınlıq ilə bağlı ola bilər. Bəlkə də düşündülər ki, rəqibi asanlıqla keçərik. Çempionatda belə oyun nümayiş etdirəcəklərini düşünmürdük. Amma “Bney Yehuda” ilə oyunlardakı uğursuzluq çempionata da təsir göstərdi və bunun nəticəsi kimi çempionata da pis başladılar. Əvvəlcə qeyd etdiyim kimi, “Qəbələ”nin sonuncu yerdə olmağını gözləmirdim. “Səbail”, “Sabah”, “Keşlə” “Zirə”nin öz aralarında keçirəcəkləri oyunlardan çox şey asılı olacaq. “Sabah”ın ən çox transfer edən klub olduğunu nəzərə alsaq, 3 turda 2 xal toplamağı təəccüb doğurdu. “Keşlə”nin 6 xal toplaması gözlənilən idi. “Səbail” gözləntiləri doğruldur, ortabab nəticələr göstərir. Yeganə gözlənilməz nəticə “Neftçi”nin zəif çıxışı və “Qəbələ”nin sonuncu yerdə olmasıdır. Qalan şeylər demək olar ki, qaydasında gedir.
- Hazırda ölkəmizi avrokuboklarda təmsil edən yeganə klub “Qarabağ”dır. Komandanın buna qədərki çıxışlarını, etdiyi transferləri və qrupdakı şanslarını necə qiymətləndirirsiniz?
- “Qarabağ” haqqında danışmaq asandır. Nəticə verən komandadır. Oyun üslubu bəllidir. Komanda illərdir oyun üslubuna sadiq qalıb, dəyişmir. Onları yerli çempionatda taxtdan salmağa bir çox komandalar çalışıb. Ancaq rəhbərlikdəki insanlar öz yollarını tapıblar və bu yolla irəliləyirlər. Əslində belə də olmalıdır. Komandada çətinlik ilk dəfə qruplara düşənə qədərdir. Bundan sonra komanda bu uğurun davamını gətirməlidir. Belə olduqda klubun adı-sanı artır, həm legioner gətirmək klub üçün asanlaşır, həm də yaxşı maliyyə dəstəyi olur. "Qarabağ" da öz növbəsində bundan yaxşı istifadə etdi və bu tempi saxlaya bildi. Bildiyiniz kimi, ilk dəfə Avropa Liqasının qrup mərhələsində “Neftçi” oynasa da, bunun davamını gətirə bilmədi. “Qəbələ” ardıcıl iki il qruplarda oynamağı bacardı. Deyə bilərəm ki, üçüncü il bəxtimiz gətirmədi. 3-cü təsnifat mərhələsində “Panatinaikos”la düşdük və mübarizədən kənarlaşdırıldıq. Amma “Qarabağ” bu gün də öz oyun prinsipinə sadiqdir. Klub transferlər edəndə heç də ad-sana qaçmır, komandanın oyun prinsipinə uyğun oyunçular seçirlər. Oyunçudan nə istədiklərini yaxşı bilirlər. Həmişə bu istiqamətdə axtarış aparırlar. Elə bu səbəbdən hər il heyətdə adlar dəyişsə də, oyun üslubu dəyişməz olaraq qalır. Bu gün Azərbaycanda “Qarabağ”ı taxtdan sala biləcək komanda görünmür. Düzdür, keçən il “Neftçi” ondan əvvəlki ildə isə “Qəbələ” çempionatda liderliyi ələ keçirə bildi. Ancaq “Qarabağ”ı taxtdan sala bilmədilər. Bunun bacarmaq üçün ilk növbədə komandanın heyəti “Qarabağ”dan güclü olmalıdır və ustalıq səviyyəsində Ağdam təmsilçisinin oyunçularına uduzmamalıdırlar. Yalnız bundan sonra taktiki heyət, oyuna münasibət baxımından qalan işlər ön plana çıxacaq. Ancaq hələ ki, heç heyət baxımından belə “Qarabağ”a yaxınlaşan komanda yoxdur. Ona görə “Qarabağ” yəqin bu il də asanlıqla çempion olacaq.