Bu yazı ərsəyə gələndə Yurçeviç və komandası hələ Uelslə oyuna hazırlaşırdı. Artıq Uelslə oyun bitib, nəticəsi məlumdu. Amma mövzu əsas yığma deyil, A millinin gələcəyi hesab olunan U-17 yığmamız, komandamızın Ukraynada keçirilən turnirdə iştirakı, hazırkı vəziyyəti, problemləri və noyabrda keçiriləcək Avropa çempionatının ilkin mərhələsinə hazırlığı barədədir. Başqa sözlə, Vüqar Məmməd və komandası haqda.
8 komanda arasında 7-ci
Millimizin iştirakçısı olduğu son turnirdəki nəticələrdən başlasaq, vəziyyət bir qədər aydınlaşacaq. Avqustun axırında Ukraynada tanınmış futbolçu və idman xadimi Viktor Bannikovun şərəfinə ənənəvi futbol turniri keçirildi. 8 millinin iştirak etdiyi turnirdə U-17 millimiz Ukrayna, İsrail və Latviya ilə eyni qrupda yer aldı. İlk oyunda israilli həmyaşıdlarına biabırçı hesabla (0:6) məğlub olan Vüqar Məmmədin komandası ertəsi gün Ukrayna millisinə də məğlub oldu - 2:4. Qrupda son oyununu keçirən futbolçularımız Latviyaya da 0:2 hesabı ilə uduzdular. Reqlamentə görə qrup sonuncuları 7-ci yer uğrunda qarşılaşmalı idilər. Digər qrupun sonuncusu olan Litva üzərində qazanılan 3:1 hesablı qələbə millimizi turnirin sonuncusu olmaqdan xilas etdi.
İlk baxışda adi, seçmə mərhələyə hazırlıq xarakteri daşıyan turnir. Nəticə o qədər də önəmli olmaya bilər. Amma komandamızın zəif çıxışına, turnirə nəyə görə hazırlıqsız getməsinə aydınlıq gətirmək lazımdır və bunu etməyə çalışacağıq.
Təməlsiz milli
Lap əvvələ qayıdaq. 2003-cü il təvəllüdlü futbolçular U-15 millisi adı altında ilk dəfə 2017-ci ilin mayında Vüqar Məmmədin rəhbərliyi altında toplanışa cəlb olunublar. Cəmi 1 (bir) gün! Daha bir toplanış payızda olub. Cəmi 3 (üç) gün! Vəssalam!
2018-ci ildən bu yaş qrupu artıq, U-16 hesab olundu. Həmin il yığmada məşqçi dəyişikliyi baş verdi. Qurban Qurbanov əsas milliyə baş məşqçi gətirildikdən sonra aşağı yaş qruplarına nəzarət Rəşad Sadıqova tapşırıldı. AFFA-nın adamı kimi tanınan Vüqar Məmməd yeni komandada da yer aldı və U-19 yığmasına göndərildi. "2003"lər isə ötən ilin martında Azər Məmmədova tapşırıldı. Yeni məşqçinin rəhbərliyi altında apreldə toplanış keçən və Türkiyədəki turnirdə iştirak edən milli bir daha iyun ayında yığışdı. Yenə də vəssalam. Qurban Qurbanov və komandasının gedişinə kimi, yəni dekabr ayınadək "2003"lər bir daha nə toplanış, nə də turnir üzü gördülər. Başqa sözlə, 2 ildə 4 toplanış və 1 turnir. Səbəb sadə idi. İlk baxışdan yaş qruplarına cavabdeh olan o vaxtkı məşqçiləri işsizlikdə günahlandırmaq olardı. Amma zamanla aydın oldu ki, bütün günahlar AFFA-dadı.
Vüqar Məmmədin geridönüşü
Qurban Qurbanov və komandasının gedişindən sonra 2019-cu ilin ilk 4 ayı artıq U-17 adlandırılan "2003"lər başsız idilər. AFFA bu posta Vüqar Məmmədi təyin etmək istəyirdi. Amma onun U-19 yığması ilə Elit raunda vəsiqə qazanması işləri bir qədər qəlizləşdirmişdi. Eyni vaxtda 2 yaş qrupuna rəhbərlik etmək söz-söhbətə səbəb ola bilərdi və qurum çıxış yolu kimi Elit raundun bitməsini gözlədi. Nəticədə Elit-raundda ilişən U-19 millimizdən ayrılan Vüqar Məmməd yenidən əvvəlki komandasının başına gətirildi. Doğrudur, U-17 buna kimi mart ayında aşağı yaş qrupları üzrə koordinator Miloş Velebitin rəhbərliyi altında Bakıda 5-6 günlük toplanış keçməklə yanaşı, Monteneqroda turnirdə iştirak etdi və 3 oyunun hamısında uduzdu. Vüqar Məmmədin gəlişindən sonra daha bir toplanış apreldə - U-16 Liqası başa çatdıqdan sonra təşkil olundu. Məşqçinin planlarında mayda U-16 komandaları arasında turnir təşkil etməklə yanaşı, seleksiya xarakterli toplanış da var idi. Bundan sonra millinin onurğa sütunu müəyyənləşdirilməli və hər ay toplanış keçməklə yanaşı, bacardıqca daha çox beynəlxalq oyunlarda iştirak nəzərdə tutulmuşdu. Amma bunların heç biri baş vermədi.
Mayın əvvəli nəzərdə tutulan turnir də AFFA-nın səhlənkarlığı və səriştəsizliyi üzündən alınmadı. Toplanış da avtomatik ləğv edildi. Hər halda arzulanan turnir mayın sonunda başladı. "İnkişaf turniri" adı altında keçirilən yarışın əsas təşkilatçısı "Şüvəlan" və "Zirə" oldu. "Şüvəlan"ın baş məşqçisi Adil Şükürov, bəndəniz və Vüqar Məmmədin əziyyəti sayəsində turnir yüksək səviyyədə təşkil olundu. Daha sonra Bakıda toplanış və Bosniya və Hersoqovina ilə səfərdə 2 yoxlama oyunu (0:3, 0:0). Milli üzvləri iyundan bu yana nə bir yerə yığışdılar, nə də turnir üzü gördülər. Futbolçular klublarının U-19 və əvəzedici komandalarında hazırlıq keçirməklə kifayətləndilər ki, bu da Bannikov turnirinə hazırlıqsız getmək demək idi.
Uğursuzluğun əsas səbəbkarları - AFFA, klublar...
U-17 millimizin bu gündə olmasının 1-ci səbəbkarı AFFA-dısa, 2-ci səbəbi uşaq futbolunda olan bərbad vəziyyətdir. Klubların "Qəbələ" xaric öz akademiyalarına və futbol məktəblərinə barmaqarası münasibəti, yolaverdi fəaliyyəti futbolçuların milliyə hazırlıqsız gəlmələrinə səbəb olur. Daxili çempionatda rəqabətin az olması, savadlı məşqçi çatışmazlığı, uşaq futbolunda nəticəyə önəm verilməsi, şəraitsizlik və s. amillər bunu deməyə əsas verir. "Qəbələ" və "Vətən"dən savayı heç bir klub komandalarını beynəlxalq turnirlərə göndərmir. Legionerlərə külli miqdarda pul xərcləyən klublarımız balalarımıza çatanda simiclik edirlər. Nəticədə milli ilə ilk dəfə ölkə xaricinə gedən futbolçular meydanda sözün həqiqə mənasında ağzıayrıq qalırlar. Yazıq uşaq fərqli mühiti, futbolu harada görüb ki?
...və baş məşqçidi
Nəhayət, 3-cü əsas səbəb baş məşqçi ilə bağlıdı. Vüqar Məmmədin U-17-ə ikinci dəfə necə gətirildiyinin təfərrüatlarına varmayacağıq. Uzun söhbətdi. Hər halda Vüqar hocanın təyinatdan sonra əsas vəzifəsi millini noyabrdakı turnirə kimi komplektləşdirmək və hazırlamaq idi. Bunun üçün böyük ehtimalla, iş planı var idi və onu AFFA-ya təqdim etmişdi. Görünən budur ki, Vüqar Məmməd plandakı işlərin hamısını həyata keçirə bilmir. Səbəbsə yuxarıda qeyd etdiyim kimi, toplanış və beynəlxalq oyunlarla bağlıdı. Belə olan halda seçmə mərhələdəki nəticəyə cavabdeh olacaq baş məşqçi nəyə görə etiraz etmir? Çünki işini itirə bilər. Deməli, işini məşqçi adından yüksək tutur. Bu yerdə haşiyə çıxaq. Təəssüf ki, nəinki millilərdə, akademiyalarda da eyni vəziyyətdir. 1-2 nəfər istisna heç bir məşqçi şəraitsizliyə, haqsızlığa qarşı çıxa bilmir. Yaxşı bilirlər ki, uşaqların haqlarını tələb etsələr, işsiz qala bilərlər. İndiki zamanda isə ələlxüsus da futbolda işsiz qalmaq məşqçi(lər) üçün faciədir. Bu fikir eyni zamanda, akademiya və klublarda, həmçinin, AFFA-nın özündə çalışan bir çoxlarına aiddir. Necə deyərlər, azacıq aşım, ağrımaz başım.
Digər tərəfdən baş məşqçinin futbol savadı, uşaq psixologiyasına bələd olması, seleksiya bacarığı, istər cəmiyyətdə, istərsə də futbol mühitində sözünün keçərliyi, taktiki analizlər bacarığı, təcrübə və s. önəmlidi. Bunların hansınınsa Vüqar Məmməddə olmadığını iddia etmirik. Sadəcə, bir məqamı qabartmağı lazım bilirik. Vüqar Məmməd bu il Pro kateqoriyası almaq üçün imtahandan "kəsilib".
Uşaqları "sındırmaq" cinayətdir
Bannikov turnirinə kimi və Ukraynada baş verən bəzi məqamlara da toxunmağı lazım bilirik. İyun toplanışından sonra komanda Bosniya və Hersoqovinaya gedəndə heyətdən bir neçə futbolçu kənarlaşdırılmışdı. Onların arasında "Keşlə"li hücumçu Vaqif Həsənovla indi "Səbail"də oynayan Elgün Bayramov da var idi. Hər ikisi perspektivli futbolçulardı. Vaqif U-16 liqasının bombardirlərindən biri olmaqla yanaşı, bu il keçirilmiş "İnkişaf turniri"nin ən sərrast futbolçusu adını qazanmışdı. Elgün isə həmin turnirin ən yaxşı qapıçısı. Bu futbolçulara hazırlaşmaqları və növbəti turnirə aparılacaqları deyilmişdi. Avqust toplanışının ardınca Ukraynaya gedəcək futbolçuların adları açıqlananda da baş məşqçi Vaqiflə Elgünün adlarını "qara siyahı"ya saldı. Bir məqama da toxunum - U-17 millisində ən güclü rəqabət çərçivədədi. Elgünlə yanaşı, Amin Ramazanov ("Lokomotiv" (Moskva), Rusiya) və Eldar Tağızadə ("Fundacion Marcet" (İspaniya), İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadənin oğlu - red.), o cümlədən, bu ilə kimi bu yaş qrupunun əsas qapıçısı olan, indi Vüqar Məmməd tərəfindən ofsayda salınan Kamran Şabıyev ("Sabah") və daha bir neçə nəfər istedadlı və perspektivli qapıçılardı. "Qara siyahı"ya düşənlər peşəkar futbolçular olsaydılar, bunu normal qəbul etmək olardı. Amma kasıb ailənin övladları olan Vaqiflə Kamranın, atasız böyüyən Elgünün 16 yaşları yenicə tamam olub. Belə yanaşma ilə bu futbolçular "yana" bilərlər.
U-17-nin milliləşdirilmiş müdafiəçisi Nikita Pestotsi ("Çertanovo" (Moskva, Rusiya) isə başqa söhbətin mövzusudu. Azərbaycanda Nikitadan zəif olmayan yetərincə futbolçu ola-ola hansısa əcnəbinin nəyə görə yığmaya çağırılması qaranlıq qalır. Məgər fərqli mövqelərdə oynasalar da rus, balası Nikita bir müddət əvvəl millinin düşərgəində olan Rostov Futbol Məktəbinin yetirməsi, öz qanımızdan-canımızdan olan Rəsul Qistrovdan bu qədər güclüdür? Yeri gəlmişkən, təzə xəbər - Moskva "Dinamo"su Vüqar Məmmədin bəyənmədiyi Rəsul Qistrovla yaxından maraqlanır.
Ukraynaya gedən turistlər və...
O ki qaldı Bannikov turnirində baş verənlərə, U-17-nin biabırçı çıxışı və arzuolunmaz məğlubiyyətlərinin səbəblərini sadaladıq. AFFA-nın yığmaya bigənə münasibəti, turnirə hazırlıqsız qoşulma, futbolçuların potensiallarından aşağı çıxış etməsi və s. Bunlar düzələn şeylərdi. Amma Vaqif, Kamran və Elgünün məsələsi də daxil düzəlməyə biləcək nəsnələr də var və bunlara birbaşa baş məşqçi cavabdehdi. Birincisi, əgər futbolçu nəticəsi önəmli olmayan və hazırlıq məqsədi daşıyan turnirə aparılırsa, mütləq oynamalıdı. Baş məşqçi futbolçulara zəif çıxış etsələr belə, təxmini eyni şans verməlidi. Gəl ki, Ukraynaya aparılan heyətdə bəzi futbolçular nəinki bərabər, heç üst-üstə götürəndə 1 oyun belə keçirmədilər. "Səbail"in futbolçusu Arif Məmmədov 4 oyunda cəmi 44 dəqiqə meydanda oldu. İsraillə matçda 28, Latviya ilə 10, Litva ilə isə 6 dəqiqə oynadı. "Keşlə"nin futbolçusu Əbil Əbilov isə İsraillə 1-ci hissədən sonra, Latviya ilə matçda cəmi 25 dəqiqə şans qazandı. Siyahını uzatmaq olar. Buna haradasa futbolçuların hazırlıqsız olması, zəif çıxışı ilə haqq qazandırmaq mümkündü. O halda ortaya sual çıxır - hazır olmayan futbolçunun Ukraynada nə işi vardı?
...15 saniyəlik futbolçu
İkinci neqativ hal "Zirə"nin yarım müdafiəçisi Vüsal Əliyevlə bağlıdı. İsraillə oyunda əsas heyətdə meydana çıxan Vüsal imkanlarından aşağı səviyyədə çıxış edib və haqlı olaraq fasilədə əvəzlənib. Sonrakı oyunlarda da oynamaq şansı qazanıb. Amma Ukraynayla 2-ci oyundakı şans (!) şansdan çox təhqirdi. Hesab 2:4 olarkən meydana çıxan Əliyev cəmi 15-20 saniyə oyunda olub və ayağına top dəyməyib. Komandamız hesabda öndə olsaydı, haradasa düşünmək mümkün idi ki, məşqçi vaxt udmaq üçün belə bir əvəzləməyə əl atıb. Amma uduzduğun oyunda vaxtın başa çatmasına saniyələr qalmış futbolçunu meydana buraxmaq onu motivasiya etmək yox, "sındırmaq"dı. Buna nə ad vermək olar? Vüsal zəif futbolçuydusa, "Zirə"nin akademiyasının keçmiş koordinatoru Adil Şükürov onu yuxarı yaş qruplarına göndərməzdi, "Zirə"nin baş məşqçisi Samir Abasov futbolçunu əsas komandaya cəlb etməzdi. Deməli, uşaq perspektivli biridi, loru dildə desək, pöhrədi. Pöhrəni sulamaq lazımdı, tapdalamaq yox.
Üçüncüsü... Çox dərinə getməyək. Fikrimizcə, bu qədər bəsdi. 2 ay sonra U-17 millimizi çətin sınaq gözləyir. Seçmə mərhələdə rəqiblərimiz Almaniya, meydan sahibləri Yunanıstan və Qazaxıstan yığmaları olacaq. "Dişimiz batan" rəqib kağız üzərində Qazaxıstandı. Yunanlarla oyunda nəyəsə ümid etmək olar. Amma Almaniyanın adı gələndə adamı vahimə basır. Millimizə ürəkdən azarkeşlik edəcəyimiz gün kimi aydındı. Uşaqların xatirinə. Lakin AFFA-nın millimizə, Vüqar Məmmədin isə futbolçulara indiki yanaşması ilə uğur qazanmaq mümkün deyil. Bəlkə məşhur reklamda deyidiyi kimi, "dəyişək, inkişaf edək"?
İlqar TAĞIYEV