Şose velosipedi üzrə kişilərdən ibarət yığma komandamız Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışlarda uğurlu çıxışını davam etdirir.
Sportarena.az xəbər verir ki, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli, Xankişi İsgəndərov və Mahmud Məmmədovdan ibarət millimiz həftəsonu Türkiyədə keçirilən yarışlarda növbəti lisenziya xalları əldə edib.
Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük "Grand Prix Velo Erciyes” turunda yığma üzvlərimizdən Samir Cəbrayılov 143 km məsafəni 4-cü, Elçin Əsədov 5-ci qət edib ki, bu da UCI reytinqində aktivimizə 35 xal (20+15) əlavə olunması ilə yekunlaşıb.
2.2 kateqoriyalı Mərkəzi Anadolu Turuna gəlincə, 2 günlük yarışın ümumi təsnifatında Elçin Əsədov 7-ci, Samir Cəbrayılov isə 9-cu yeri tutub və bununla da Tokio-2020 Yay Olimpiya Oyunlarına daha 8 xal (5+3) əldə edilib.