AÇ-2020-nin seçmə mərhələsində Bakıda Xorvatiya ilə heç-heçə edən (1:1) Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:
- Mən nəticəyə və komandanın performansına görə xoşbəxtəm. Oyunçularımla qürur duyuram. Heyətində ulduzlar olan dünya ikincisinə qarşı oynayırdıq. Xorvatiyanı ədalətli oyuna görə təbrik edirəm. Azarkeşlərimkizə təşəkkür edirəm. Onlar xüsusilə ikinci hissədə bizə böyük dəstək oldular. Mən xorvatiyalıyam, ancaq bu gün bütün ürəklə azərbaycanlı idim. Hamı bu sevincə artıqlaması ilə layiq idi. Son vaxtlar bəzi matçlarda yaxşı oynasaq da, nəticə baxımından üzümüz gülmürdü. Ancaq bu dəfə sevindirici nəticəyə nail olduq. Emosionalam, danışmaqda çətinlik çəkirəm. Xoşbəxtəm ki, azarkeşlər də özlərini xoşbəxt hiss edirlər.
- Düşünmürsüz ki, əvvəlki matçlarda nəticənin olmaması heyətinn düzgün qurulmaması ilə bağlı idi?
- Hər suala açığam, tənqidə belə. Çətin sualdı. Biz bilmirik ki, digər futbolçuları oynatsaydıq, nəticə necə olardı. Bunun konkret cavabı yoxdu. Hər kəs fikrini bildirir. Mən çalışırdım ki, oyunu həqiqi analiz edim. Macarıstan və Slovakiyaya qarşı yaxşı onamamışdıq. Əsas səbəb fiziki çatışmazlıq idi. Bizim iki yolumuz var: xal qazanmağa çalışmaq və ya gələcəyi düşünmək. Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Ramil Şeydayev, Mahir Emreli, Ömər Buludov və Renat Dadaşov çox gəncdilər. Onlar gələcəkdə komandanın özəyini təşkil edəcəklər. Bunları başa düşürəm. Ancaq hesab edirəm ki, mənim bunları qeyd etməyim sizin üçün başadüşülən olacaq.
- Rəqib baş məşqçi Emil Balayevin oyununu qeyd etdi. Sizə görə komandanın ən yaxşısı kim idi?
- Məncə, Balayev mükəmməl idi. O bizi bir neçə qoldan xilas etdi. Xüsusilə, ilk 20 dəqiqədə. Çünki Xorvatiya çox aqressiv, hücumameylli başlamışdı. O, həmin dəqiqələrdə komandanın köməyinə çatdı.
- Zaqreb və Kardiffdə yaxşı oyun və bu gün Bakıda ilk xal. Növbəti hədəf nədi?
- Hansısa komanda favorit deyilsə və top-klass komandaya qarşı oynayırsa, bütün futbolçular 100 faiz oyununu göstərməlidi. Və bir nəfər xüsusi oyunçu lazımdı ki, ağılasığmaz şeylər etsin. Bugünkü Emil Balayev kimi. Gələn matçlarda da belə olmalıdı.
- Riçard Almeyda zədəli olmasaydı, Emin Mahmudovun meydana çıxmaq şansı olardımı?
- Dünən də mətbuat konfransında demişdim ki, o, çox yaxşı futbolçudu. Ancaq biz balansı qorumalıyıq. Müdafiəni də, rəqibi də düşünməlisən ki, onlar nəyə qadirdilər, biz nə edə bilərik. Emini pleymeyker kimi görürəm. O, topla yaxşı işlər görə bilər. Ancaq belə matçlarda topla çox oynamağımız elə də böyük ehtimal deyil. Standart vəziyyətləri də nəzərə almalıyıq. Belə halda hava toplarında yaxşı olanları meydana buraxmalıyıq. Bir məşqçi bütün oyunun görməlidi. Bütün bunlar səbəblərdi.
- Tsikl boyu stabil oynamaq üçün bu futbolçular yetərlidimi?
- Sualın cavabını hələ bilmirəm. Son baş verənləri həzm etməliyəm əvvəlcə. Bizim planımız da budu ki, elə futbolçularımız olsun, ağıllı-başlı oynasınlar, təkcə ürəklə yox. Bunu birləşdirmək qısa zaman kəsiyində alınmaz. Ümid edirəm ki, bu işdə hamı dəstək olacaq. Əvvəlki matçlarda Rahildə, Antonda alınmayan epizodlar və ya səhvlər olurdu. Belə hallarda medianın reaksiyası yadımdadı. Bəhlul son iki oyunda çıxış etdi. Oynayır, pis görünmür. Amma top səviyyəli futbolçulara qarşı oynayanda səhvlər olacaq. Çünki o, gəncdi və daimi bu tempdə oynamır. Mənim sizdən təmənnam odu ki, dəstək olasız belə futbolçulara. Ki, ölkəni daha yaxşı təmsil etsinlər. Yeri gəlmişkən, Renata mən şans verəndə bəzi insanlar anlayışla qarşılamırdılar ki, nəyə görə oynayır. Bir müddət sonra “Vulverhempton” onu transfer etdi. Deməli, qabında nəsə var. Təkcə potensial olması kifayət deyil, həmin futbolçulara şans da vermək lazımdı ki, inkişaf etsinlər.
- İkinci dəfə Bakıda xorvat məşqçi ilə Xorvatiyanı büdrətdik. Bu amilin vacib olduğunu düşünmürsüz ki? Özünüz də dediz ki, Macarıstan və Slovakiyaya qarşı belə oyun alınmamışdı...
- Bəlkə də, səbəblərdən biri budu. Mən Xorvatiyanın mentalitedini bildiyim üçün bu, üstünlükdü. Slovakiya və Macarıstana qarşı da mümkün qədər yaxşı hazırlaşmışdıq. Biz xüsusilə slovakların üstünlüyünü bilirdik ki, standart vəziyyətlərdə güclüdülər. Bizim belə oyunçularımız var, ancaq bəs etmir. Əvvəl də demişdim ki, Slovakiyadan ikinci qolu buraxdıqdan sonra geridönüş çətin idi. Fər az olanda oyuna qayıtmaq daha asan olur. Bu gün də bunu gördük. Qol buraxdıqdan sonra bərabərlik qolunu vurduq, qələbə üçün də çalışdıq. Bir səhv həlledici ola bilir.