“Gürcüstan bizdən güclü idi” - Milan Obradoviç

00:13 11 Sentyabr 2019

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç AÇ-2021-in seçmə mərhələsində evdə Gürcüstana 0:3 hesabı ilə uduzduqları oyundan sonra məğlubiyyəti şərh edib.

 

Sportarena.az xəbər verir ki, serbiyalı mütəxəssis komandanın zəif çıxışını dəyərləndirib:

 

"İlk qolu birinci hissənin son saniyələrində buraxdıq. İkinci yarıda isə qırmızı vərəqə görüb, azlıqda qaldıq. Buna baxmayaraq, sonadək oynamaq istəyirdik. Çünki fasilədə futbolçularla danışmışdıq ki, cinah keçidlərindən istifadə edəcəyik. Bəzi epizodlarda fərqlənmək üçün yaxşı imkanlarımız da oldu. Rəqibin heyətində ucaboy futbolçular çoxdur. Bilirdik ki, standart vəziyyətlərdə təhlükəlidirlər. 2 və 3-ü qolları əks-hücumlardan vurdular. Hesabda geri düşdükdən sonra qol vurmağa çalışdıq. Təəssüf ki, oyunumuz belə alındı".

 

42 yaşlı çalışdırıcı hakimlərdən gileylənib: "Bu gün sarı vərəqələrin çox olması da narahatlıq yaratdı. Düşünürəm ki, ilk iki qayda pozuntusunda vərəqə göstərməmək olardı. Amma istənilən halda, rəqib bizdən güclü idi".

 

Baş məşqçi futbolçularının çox sarı vərəqə almasına da münasibət bildirib: "Onlar öz komandalarında çox oynamırlar. Bununla belə, çox istəkli idilər. Buna görə onlara təşəkkür edirəm. Yəqin, həddindən artıq arzulu olduqları üçün sarı vərəqə aldılar".

 

Obradoviç fikirlərini bu cür tamamlayıb: "Slovakiya və Gürcüstanla oyunlarda ümumilikdə 3 hissədən razı qaldım. Bu gün ikinci yarını azlıqda keçirdik. Buna baxmayaraq, sadəcə müdafiə olunmadıq, hücumlar etməyə də çalışdıq. Qol da vura bilərdik. Məqsədimiz də odur ki, yaxşı futbol göstərək. Ancaq müdafiədə də etibarlı oynamaq lazım idi. Komandadan razı qaldım? Oyunlarımızı analiz edirik. Nəticəni tək siz yox, özümüz də gözləyirik".


Digər xəbərlər

Xəbər xətti