Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı davam edir.
Sportarena.az xəbər verir ki, bu gün fərdi çoxnövçülükdə final mərhələsi keçirilir. Final mərhələsini vəsiqə qazanan Azərbaycan idmançısı Zöhrə Ağamirova da bu qrupda qüvvəsini sınayıb.O, gürzlərlə hərəkətə görə 21,200, lentlə çıxışda 17,000, halqa ilə hərəkətdə 20,900, topla çıxışına görə isə 19,525 xal qazanıb. Yekunda 78,725 xal toplayan idmançı B qrupunda 4-cü yeri tutub.
Beləliklə,A qrupunun 12 gimnastı mübarizəyə start vermədən Azərbaycan təmsilçisi ilk 16-lıqda yerini təmin edib ki, bu da Ağamirovaya 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış etmək hüququ verib. O, Yay Olimpiya Oyunlarına vəsiqə qazanan 4-cü Azərbaycan təmsilçisidir. Bunadək Anna Skidan (atletika, çəkicatma), Maksim Şemberev (üzgüçülük) və Marina Stadnik (qadın güləşi) vəsiqə əldə edib.