“Maykl Esyen hər yerdə ola bilər. Çünki futbolu sevirəm, səyahət edirəm və narahat deyiləm. Oxşar şəraitdə küçələrdə karyerama başlamışam. Məni heç nə təəccübləndirmir”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Səbail”in yarımmüdafiəçisi Maykl Esyen “Bombardir youtube” kanalına müsahibəsində deyib. “Səbail”də oynamasının səbəblərindən danışan qanalı futbolçu maraqlı fikirlər səsləndirib.
“Hərə özünü bir cür aparır. Mən göründüyü qədər zəngin deyiləm. Sadəcə, futbolçuyam, xoşbəxtəm ki, böyük şəhərin böyük klubunda oynamaq imkanı qazanmışam. Çox sakit adamam. Haradan gəldiyimi bilirəm. Vətənimə getməyi, anam və bacımla vaxt keçirməyi xoşlayıram. Olduqca sadə insanam və özümü məşhur hiss etmirəm. Müsahibə verməyi və çox danışmağı sevmirəm”.
Esyen bildirib ki, onu Azərbaycan klubuna gətirən səbəblərdən biri də məşqçi kimi püxtələşmək istəyidir: “Burada mənə U-19 komandasına kömək etmək və özümü məşqçi kimi inkişaf etdirmək imkanı verilib. Bu komandanı izləmək maraqlıdır. Düşünürəm ki, bu təcrübə mənə məşqçilik lisenziyası almağa yardım edəcək. Amma dahi məşqçi olmaq istəmirəm. Sadəcə, gənclərin inkişaf etməsinə köməklik göstərməyə çalışıram”.