Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya kuboku turniri davam edir.
Sportarena.az xəbər verir ki, bu gün yarışda 1/4 final mərhələsinin növbəti partiyaları keçirilib. Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ABŞ təmsilçisi Ceffri Şonqu məğlub eədərək yarımfinala vəsiqə qazanıb. Bu şahmatçıların bundan əvvəlki görüşləri heç-heçə başa çatmışdı.
Rəcəbov növbəti mərhələdə Levon Aronyan (Ermənistan) - Maksim Vaşye Laqrav (Fransa) cütünün qalibi ilə qarşılaşacaq.
Rəcəbov yarımfinalda Maksim Vaşye-Laqrav (Fransa) - Levon Aronyan (Ermənistan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu iki şahmatçı arasındakı hər iki görüş heç-heçə yekunlaşıb və qalib sabah "tay-breyk"də müəyyənləşəcək.
Azərbaycanın digər şahmatçıları isə mübarizəni dayandırıb. Şəhriyar Məmmədyarovu 1/8 finalda məhz Teymur Rəcəbov üstələyib. Arkadi Naydiç 1/32 finalda almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov 1/16 finalda ABŞ təmsilçisi Leyner Dominges Peresə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova məğlub olub. Dünya Kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci il İddiaçılar Turnirində iştirak hüququ qazanacaqlar. Turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda, belə bir hüquqa yiyələnə bilər.
Sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq.