Azərbaycan Premyer Liqasının VI turunda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edən "Qarabağ"ın müdafiəçisi Aylton Silva oyundan sonra jurnalistlərə müsahibə verib.
Sportarena.az xəbər verir ki, braziliyalı oyunçu öncə oyunu şərh edib:
"Çətin oyun oldu. Müdafiədə oturan komanda ilə qarşılaşdıq. Səbirli olmağı bacardıq, daha çox topa nəzarət elədik. Zamanı gəldi və bundan istifadə etdik, qalib gəldik".
- Ehtiyatlı oynayırdınız. “Sumqayıt”dan çəkinirdiniz?
- Özümüz məşq edirik. Əlbəttə, rəqib də oyuna hazırlaşır. Lider kimi məsuliyyət var ki, bütün oyunlara qələbə əzmi ilə çıxaq. Bu dəfə də istisna olmadı, oyuna çıxdıq, qalib gəldik.
- “Qarabağ” artıq 6 oyunun hamısında qalib gəlib. Ötən mövsüm “Neftçi” rəqabət aparsa da, bu il belə komanda yoxdur. Bu durum sizi sevindirir, yoxsa sizin üçün maraqsızdır?
- Digər komandalar barədə danışmağı xoşlamıram. Hazırlaşırıq ki, xallarımızı artıraq. Hədəfimiz xallarımızı artırmaqdır. Sonda nə olacağını yaşayıb, görərik.
- “Sevilya” və “Zirə” ilə oyunlardan sonra Qurban Qurbanov sizə sərt xəbərdarlıq edib ki, mənim tələb etdiyim futbolu oynamırsan...
- Bunu Qurban Qurbanov müsahibəsində deyib? Sizin informasiyadır? Buna şərh verə bilmərəm. Meydana çıxdığım oyunlarda komanda yoldaşlarıma kömək etməyə çalışıram.
- APOEL-ə səfərdə 4 qol vuran “Düdelanj”dan Lüksemburqda məğlub etmək nə dərəcədə inandırıcıdır?
- Rəqibi analiz edəcəyik. Onların çatışmayan cəhətini görəcəyik. Səfər oyunu olsa da, hədəf 3 xaldır. Lüksemburqa qələbə üçün yollanacağıq.