Azərbaycan Premyer Liqasının VI turunda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edən "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana oyundan sonra jurnalistlərə müsahibə verib.
Sportarena.az xəbər verir ki, ispaniyalı oyunçu öncə oyunu şərh edib:
- Asan oyun olmadı. İlk hissəni 1:0 hesabı ilə öndə tamamlasaq da, “Sumqayıt” fasilədən sonra işimizi qəlizləşdirdi. Rahat oyun keçmədi. Məğlub durumda olsalar da, dayanmırdılar, təslim olmaq istəmirdilər. Bir yerdə durmurdular, pressinq edirdilər. Hər an onları başımızın üstündə görürdük.
- 6 turun hamısında qalib gəldiniz. “Qarabağ” bu mövsüm çempionatın bütün görüşlərində qələbə qazana bilər?
- Mümkün deyil belə şeyin olması. Oyundan oyuna düşünürük. Biz hər oyuna qələbə əzmi ilə çıxırıq. Bunun üçün çalışacağıq. Amma indi bu gün belə şey mümkünsüz görünür.
- “Qarabağ” ötən mövsüm çətinlik çəkirdi. “Qarabağ”güclənib, yoxsa rəqiblərin səviyyəsi aşağı düşüb? Məsələn, “Neftçi” 6-cıdır.
- Komandaların zəiflədiyini deyə bilmərəm. “Neftçi”ni götürsək, heyəti bu il daha güclüdür. Bizim möhtəşəm oynadığımızı da söyləyə bilmərəm. Ola bilsin ki, bəxt amili bizim tərəfdə ola bilər.
- Ötən mövsüm “Neftçi”nin müqavimətini hiss edirdiniz. Bu il isə fərq böyükdür.
- Hələ liqa yeni başlayıb. Qarşıda üç dövrə qalıb. Ötən il dördüncü dövrə çətin keçdi. Çempionluğun taleyini “Neftçi” ilə oyuna saxlamaq istəmirdik. Məsələni daha tez həll etməyə çalışdıq. Hələ çox tezdir, bilmək olmaz ki, üç dövrə sonra nə baş verəcək.
- “Düdelanj” səfərini asan olacağını düşünənlər var. Ancaq rəqibin APOEL-ə qalib gəlməsi fikirlərin dəyişməsinə səbəb oldu. Bu oyunla bağlı fikirləriniz necədir?
- Öncə onu deyim ki, “Düdelanj”la asan rəqib olduğu barədə söhbət bizim aramızda olmayıb. “Sevilya”nı kənara qoysaq, qrupdakı digər üç komandanın gücü bir-birinə yaxındır. Əvvəlcədən də bilirdik ki, asan keçməyəcək.
- “Qarabağ” nisbətən zəif komandalara qarşı çətinlik çəkir.
- Mən razılaşmıram. Rəqibin kimliyindən asılı olmayaraq, 90 dəqiqə konsentrasiya olmağa çalışırıq. Rəqib də güclüdür.
- Xayme Romeronun “Düdelanj”a qarşı oynamaması sizin bu matçda oynamaq şanslarınızı artırır?
- Mən həmişə hazıram. İstərdim ki, Xayme Romero oyuna qədər bərpa olsun. Kimliyindən asılı olmayaraq, kim oynayır, oynasın, mən hazıram hər zaman.