Bakının “Sabah” klubu Premyer Liqa tarixində ilk dəfə böyük hesabla qalib gəlib.
Sportarena.az PFL-ə istinadən xəbər verir ki, bu, VI turun “Səbail”lə görüşünə təsadüf edib. İqor Ponomaryovun rəhbərliyi altında ilk matçına çıxan komanda 3:0 hesablı qələbə qazanıb.
2018/19 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” bunadək 3 və ya daha çox fərq ilə qalib gəlməmişdi. İlk belə uğurunu 34-cü matçında əldə edən bakılılar 33 oyundakı 7 qələbəsindən dördündə bir, üçündə iki top fərqinə sevinmişdi.
“Bank Respublika Arena”da əldə olunan qələbə həm də mövsümdə ilk olub. Əvvəlki 5 qarşılaşmada qalib gələ bilməyən “Sabah” ötən çempionatın son 5 turunda da qələbə qazanmamışdı. 10 oyunluq qələbəsizlik seriyasına son qoyan paytaxt klubu son dəfə aprelin 7-də 3 xala sevinib. 175 gün öncəki rəqib də indiki kimi “Səbail” olub - 3:1. Bu müddətdə komanda 3 heç-heçə edib, 7 dəfə uduzub.