İqor Ponomaryov: "Yeni baş məşqçi məsələsinə fasilədə aydınlıq gələcək" - MÜSAHİBƏ

13:36 30 Sentyabr 2019

"Sabah"ın müvəqqəti baş məşqçisi İqor Ponomaryov Premyer Liqanın VI turunda "Səbail"ə 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, o, əvvəlcə qələbəni şərh edib.

 

- Belə uğurlu debütü hər bir məşqçi istəyərdi. Müvəqqəti baş məşqçi olsa da. Nə baş verdi ki, "Sabah" ilk qələbəsini belə inamla qazandı?
- Hazırlıq proqramımızın üzərində işləyirdik ki, istədiyimizi əldə edək. Əlbəttə, klubla bağlı məsuliyyət hər birimizdə var. Futbolçularımız elə vəziyyətdədi ki, yaxşı oynamaq, qələbə qazanmaq istəyirlər. Həftəboyu funksional hazırlıqla yanaşı, psixoloji hazırlıq üzərində də işlədik. Çətin qarşılaşma oldu. "Səbail" yaxşı təşkilatlanmış komandadı. Rəqibin əks-hücumlarından ehtiyatlanırdıq. Prinsipcə, futbolçular planlaşdırdığımız, məşq etdiyimiz kimi oyunda da öz üzərlərinə düşəni yerinə yetirməyə çalışdılar. İlk yarı bir qədər əsəbi alındı. İkinci hissədə isə futbolçular açıldılar və bizə ilk qələbəni gətirən qolları vurdular.

 

- Növbəti turda lider "Qarabağ"la görüşəcəksiniz. Səfər matçında uğurun davamını gətirə biləcəksiniz? Bu ilk qələbə komandaya psixoloji baxımından hansı üstünlüklər verə bilər?
- Mənə bu haqda danışmaq çətindi. Çünki yalnız ilk oyunumdu. Bu gün emosiyalarla oynadıq, meydanda yaxşı hərəkət etdik. Xüsusilə ikinci hissədə düzgün hərəkət etməyə başladıq. "Qarabağ" Azərbaycan futbolunun lideridi. Oyun hər şeyi göstərəcək.

 

- "Sabah" bunadək cəmi 2 qol vurmuşdu. İndisə hesabında 5 qol var. Bunların hamısına isə yarımmüdafiəçilər imza atıb. Niyə hücumçularınız qol vura bilmir?
- İnşallah, ümid edirik ki, onlar da fərqlənərlər. Bunun üzərində işləyəcəyik. İnanırıq ki, onlar da qapı torunu silkələyə biləcəklər, meydanda düzgün mövqe tutaraq buna nail olacaqlar.

 

- 10 ildən sonra Azərbaycan çempionatına qayıtdınız. Maraqlıdı, ilk növbədə hansı dəyişiklər diqqətinizi çəkdi?
- Fikrimcə, ilk növbədə oyun ətrafında təşkilatçılıq məsələləri. Daha təşkilatlanmış olub. Elə bil bu gün stadionda daha çox adam vardı. Üstəlik, möhtəşəm stadionumuz var ki, burda oynayırıq. Bəli, Lənkəranda da əla stadionumuz vardı. Ancaq indiki vəziyyətdə yaxşı stadionumuz, meydançalarımız var. Eyni zamanda klubumuzun yaxşı rəhbərliyi var ki, "Sabah"ın uğurlu çıxış etməyini istəyir, buna çalışır. "Sabah" bu gün futbolun inkişafı yolunda çox işlər görür.

 

- Uzun müddətdi məşqçi işləmədiyinizdən lisenziyanızın vaxtı bitib. Bunu uzadaraq məşqçiliyə qayıtmaq fikrindəsiniz?
- Hələ tələsmək, hadisələri qabaqlamaq istəmirəm. Çünki öz işlərim var ki, onlarla məşğulam. Matçdan matça irəliləyirik.

 

- İndi hamını "Sabah"la bir məsələ maraqlandırır - yeni baş məşqçisi kim olacaq? Buna klubun Müşahidə Şurasının üzvü kimi fikrinizi bildirməyinizi istərdik. Stadionda matçı izləyən Yuri Vernidub yeni baş məşqçi olacaq? Ümumiyyətlə, optimal variant kimi hansı mütəxəssisi görürsünüz?
- Rəhbərliklə yeni məşqçi məsələsi ilə bağlı danışmışıq. Onlar dedilər ki, ilk növbədə bu vəziyyətdən çıxmağa çalışacağıq. Kim baş məşqçi gələcək, bunun üzərində sonra işləyəcəyik. Xahiş etdilər ki, bunda mən də iştirak edim. Bu posta kimin gəlməsinə kömək edim. Yeni baş məşqçi məsələsi ilə bağlı Müşahidə Şurasının iclası olacaq.

 

- Nə vaxta gözlənilir? "Qarabağ"la matçda da komandanın "sükanı arxası"nda olacaqsınız?
- Hələ ki komandanın başındayam. Yəqin ki, qarşıdakı fasilədə baş məşqçi məsələsinə aydınlıq gələr.


Digər xəbərlər

Xəbər xətti