“Sabah” klubu əsas komandanın müvəqqəti baş məşqçisi İqor Ponomaryovu Peşəkar Futbol Liqasına (PFL) menecer qismində sifariş edib.
Sportarena.az xəbər verir ki, bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 59 yaşlı mütəxəssisin məşqçi lisenziyasının müddəti başa çatdığı üçün bu cür addım atılıb. Ona görə də Ponomaryov Premyer Liqanın VI turunda “Səbail”i 3:0 hesabı ilə məğlub etdikləri debüt matçında texniki zonada klub rəsmisi kimi əyləşib. Mətbuat konfransında isə jurnalistlər önünə məşqçi Rövşən Babayev çıxıb.
PFL-in Yarışların Təşkili Departamentinin rəhbəri Elgiz Abbasov "Report"a açıqlamasında sonuncu dəfə 2009-cu ildə “Xəzər-Lənkəran”ın baş məşqçisi olan Ponomaryovun oyunsonrası mətbuat konfransına qatılmamasına bu cür aydınlıq gətirib: “Onun məşqçi lisenziyasının vaxtı bitib və onu yeniləməyib. Qaydalarda belədir ki, 3 il müddətində müraciət olunduqda, 15 saatlıq seminara qatılaraq lisenziyanı yeniləyirsən. Bu müddət 3 ildən çoxdursa, sıfırdan lisenziya almaq üçün seminarda iştirak edib, imtahan verməlisən. Bəzi hallarda güzəştlər ola bilər. Məsələn, məşqçi lisenziyası müddətinin başa çatmasından 3 ildən çox vaxt keçməmiş federasiyaya müraciət edir, amma həmin müddət ərzində seminar təşkil olunmur. Mütəxəssis lisenziyasının müddətinin uzadılması üçün müraciət etməsinə dair sənəd təqdim edəndə ona güzəşt edilə, məşqçi kimi qeydiyyata alına bilər. Ponomaryov isə klubun rəsmi şəxsi kimi qeydiyyatdan keçib. Ona görə də onun oyunsonrası mətbuat konfransına qatılmasına icazə verilmir. Konfransa baş məşqçi və ya köməkçi-məşqçilərdən biri gələ bilər”.
Qeyd edək ki, Elşad Əhmədovu istefasından sonra “Sabah”ın boş qalan baş məşqçi postuna kimin təyin ediləsəyinə namizədlərlə görüşdən sonra aydınlıq gələcək. Hazırda bu vəzifəyə ukraynalı Yuri Vernidub və gürcüstanlı Georgi Tsetsadze namizəd göstərilir. Onlarla görüş bu gün olacaq.