Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə Lüksemburqun “Düdelanj” klubuna qalib gələn (4:1) “Qarabağ”ın futbolçusu Qara Qarayev matçdan sonra fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi görüşü belə şərh edib:
“Biz Lüksemburqa hörmət edib gəlmişdik. “Düdelanj”a böyük hörmətimiz var idi. Onların APOEL-lə necə oynadıqlarını bilirdik. Düşünürəm ki, bu gün layiqli qələbə qazandıq. Çalışacağıq ki, növbəti matçlara uğurlu oyunumuzu davam etdirək”.
Matçın 31-ci dəqiqəsində dronla stadionda qondarma Dağlıq Qarabağ rejiminin bayrağının gətirilməsi ilə bağlı da fikirlərini səsləndirən Qarayev belə provokasiyalara hazır olduqlarını deyib:
“Artıq belə provokasiyalara hazırıq. Ağdamın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsində oynayır və belə bir matçda separatçı rejimin bayrağını dalğalandırmaq – belə ucuz reklam ancaq ermənilərə aid ola bilər. Baş verənlər, təbii ki, bizim üçün xoş deyildi. Biz idmançıyıq, çalışırıq ki, dövlətimizin bayrağını yüksəklərdə tutaq. Bizim reaksiyamız bundan aşağı ola bilməzdi”.
Təcrübəli futbolçu erməni təxribatı zamanı yaranan fasilədə baş məşqçi Qurban Qurbanovun onları sakitləşdirdiyini bildirib:
“Nəticənin xeyrimizə olduğu anda daha sakit olmağa çalışmalıyıq. Hər şey istədiyimiz kimi gedirdi. Bəzi pis fikirli insanların oyuna müdaxiləsinin qurbanı olmamalıydıq. UEFA belə şeylərdə sərt qərarlar verə bilir. Baş məşqçimiz bizə tapşırdı ki, sakit olmalıyıq. O bildirdi ki, qələbə üçün gəlmişik və buna nail olacağıq, hansısa provakasiya xarakterli hallar baş verərsə, reaksiya verməməliyik. Futbolçularla öz aramızda danışdıq ki, daha təmkinli olaq”.
Qara APOEL-lə qarşıdakı oyunçlar barədə bunları deyib:
“Maraqlı matçlar olacaq. Nəticə baxımından heç nəyi plabnlaşdırmaq olmur. Hər iki tərəf bir- birini yaxşı tanıyır. Hər iki matç gərgin olacaq. Yaxşı nətixə üçün əlimizdən gələni edəcəyik”.