Qurban Qurbanov: "Beqoviçi saxlamağa gücümüz çatmaz"

09:47 7 Oktyabr 2019

Azərbaycan Premyer Liqasında VII turun “Qarabağ” – “Sabah” (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportarena.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Futbolçularımı təbrik edirəm. Çox ağır qrafikdəyik. Həm çempionat, həm avrokubok oyunlarına çıxırıq. Futbolçularda istək həddən artıq çox olmalı idi. Həm fiziki, həm psixoloji yorğunluq var. Avrokubokdan sonra çempionata köklənmə problem ola bilərdi. Amma çox aktiv göründülər. “Sabah”a uğur arzulayıram. Asan qələbə olmadı. Çox istəkli rəqib gördük. Şükür olsun ki, 3 xal qazandıq.

 

- Rəqib hücumçular belə zəifdi ki, 7 oyunda cəmi 1 qol buraxmısız?
- Xeyr. Belə yanaşmaq istəməzdim. Bəzən bu cür period olur. Çox nadir hallarda baş verir. Qol buraxmamaq istəyi çoxdu. Bu gün də qapımız qarşısında təhlükəli epizodlar oldu. Rəqib hücumçular barədə belə fikir səsləndirmək istəməzdimş. Hər oyun müdafiəçilərimiz çox çalışırlar, bəzən də qapıçı qurtarışlar edir.

 

- Mahir Emrelinin durumu necədi?
- Topuq hissəsi şişib. Gördüyümüz qədər yaxşı deyil. Sabah rentgen müayinəsindən sonra dəqiq bilinəcək. Onun belə zədə almasını istəməzdik. Zədədən yeni qayıtmışdı və formasını bərpa edirdi. Ancaq futboldu, belə şeylərə hazır olmalıyıq.

 

- Hakimliklə bağlı nəsə demək istəmirsiz? Oyunboyu dördüncü hakimə etirazlarınız oldu...
- Oyunboyu narazılıq bildirmədim. İkinci sarı vərəqə zamanı etirazım oldu. Amma sonra ona yaxınlaşıb, danışdım. Oyunun əvvəlində iki “sarı” verilməsi məni özümdən çıxardı. Futbolda belə şeylər normald. Gənc hakimlər var. Onlara uğur arzulayıram.

 

- Çempionat oyunlarına futbolçuları necə motivasiya edirsiz?
- Mövsümün əvvəlində heç nə həll olunmur. Əlimizdə şans varsa, xal ehtiyatını artırmağa çalışmalıyıq. Heç bir komanda ilboyu eyni səviyyədə qala bilmir, hər hansı müddət problemlə üzləşir. Nə qədər imkan varsa, maksimum hazır olmalı və xallar qazanmalıyıq. Futbolçular getdikcə daha da peşəkarlaşır. Mənim söz ehtiyatımız o qədər də çox deyil. Sadəcə, futbolçularla dialoqdayıq, həmişə bir yerdəyik. Bacardığımız qədər yaxşı nəticələr qazanmaq istəyirik.

 

- Sizə “Traktor Azərbaycan”ın forması hədiyyə olundu. Bu komandanı izləyirsizmi?
- Bu gün aparıcılarını izlədim, futbolçusuna şeir deyirdi. Oyunlarını yox, amma qollarına baxıram. Onların vəziyyəti ilə maraqlanıram.

 

- Gələcəkdə onlarla yoldaşlıq oyunu keçirmək mümkün ola bilərmi?
- Hər şey mümkündü. Sadəcə, bu, o halda olur ki, hər iki komandanın uyğun vaxtı olsun. Bizim hazırda zamanımız yoxdu. İndi bu barədə düşünməmişik.

 

- Moskva “Spartak”ının baş məşqçisi təyin olunacağınızla bağlı xəbərlər var...
- Deyəsən, xəbər çıxdı ki, yeni baş məşqçiləri müəyyənləşib. Belə yazılara o qədər də önəm verməyək.

 

- Fasilədən necə istifadə edəcəksiz?
- Minimum bir yoxlama oyunu keçirmək istəyirik. Amma ola bilər ki, bu, heç 90 dəqiqə olmasın. Ayın 12-nə planlaşdırırıq. Məşqin əvəzinə belə oyun keçirə bilərik.

 

- Beoqviçlə müqavilə qışa qədərdi. Onu daha uzun müddət saxlamaq mümkün olacaqmı?
- Gücümüz çatan qədər müqavilə bağlamışıq (gülür). Qışda nə olacağını görəcəyik. Komandaya tez uyğunlaşdı. Pozitiv insandı, sanki bir neçə ildi burdadı. Heç düşünmürük ki, İngiltərədən gəlib, çox sadə və peşəkardı. Qalmasını istəyərik.

 

- Onun qapıda sərgilədiyi futbol səviyyəsində hücum oyunçusuna ehtiyac hiss edirsizmi?
- Bu gün oyunçularımdan razıyam. Qeye də özünə gəlir, Mahir yaxşı çıxış edir. Beqovuç səviyyəsində axtarmaq üçün o çempionatlara getmək lazımdı. Bu da bəlkə 10 ildən bir alınar. Əlimdə olanlardan razıyam. Ola bilər ki, çox yaxşı futbolçu gəlsin, amma kollektivə ziyan versin. İndi kollektiv çox mehriban, istəklidi və hamı bir-birinə hörmətlə yanaşır. Mənim üçün daha önəmlisi budu. Hər xəttə əlavə futbolçu istərdim. İmkan olduqca transferlər edirik. Bəlkə də, gələcəkdə belə oyunçu da olacaq.

 

- 6 ildi avrokuboklarda qrup oynayan “Qarabağ”ın Beqoviçi saxlamağa gücü çatmaz?
- Yox (gülür). Bilmədim nə cavab verim. Həyatdı, bilmək olmaz.


Digər xəbərlər

Xəbər xətti