Bakının “Keşlə” klubu Azərbaycan Premyer Liqasının I dövrəsində səfərdə qol buraxmayan yeganə komanda olub.
Sportarena.az xəbər verir ki, bütün qolları evdə buraxan paytaxt klubu VII turun “Sumqayıt”la rəqib meydanındakı matçda (0:0) seriyasını 4-ə çatdırıb. Tərlan Əhmədovun yetirmələri mövsümün əvvəlki səfər matçlarında “Sabah” (1:0), “Qəbələ” (3:0) və “Neftçi”dən (0:0) də qol buraxmamışdı.“Keşlə” rəqib meydanında sonuncu dəfə ötən mövsümün sonunda – mayın 11-də keçirilən “Səbail”lə qarşılaşmada qol buraxıb. 4:1 hesabı ilə qalib gələn qonaqları 54-cü dəqiqədə Oke Akpoveta məyus edib. Həmin qoldan sonra “Keşlə” 396 dəqiqədir səfərdə qapısını toxunulmaz saxlayır.
“Keşlə”nin tarixində rəqib meydanında belə quru seriyalar olsa da, heç vaxt starta təsadüf etməyib. Bakılılar ilk dəfə mövsümün əvvəlində belə seriyaya imza atıb. Bunadək startda ən yaxşı nəticə 2009/10 mövsümündə qeydə alınmışdı. Həmin vaxt ilk üç oyunda “Turan” (3:0), “Xəzər Lənkəran” (0:0) və “Qəbələ”dən (1:0) qol buraxmayan paytaxt klubunun seriyası Gəncədə “Kəpəz”lə görüşdə qırılıb – 0:1.
Qeyd edək ki, “Keşlə” növbəti səfər oyununu X turun noyabrın 2-də baş tutacaq matçında “Səbail”ə qarşı keçirəcək.