"Bura gələnə qədər fərqli istiqamətdə hazırlaşıb, məşqlər etmişdik. Ancaq səfər zamanı 4 futzalçımızın bizə qoşula bilməyəcəyini biləndə, bir gecədə planımızda məcburi dəyişiklik etməli olduq".
Sportarena.az xəbər verir ki, bunu "Araz" klubunun baş məşqçisi Joze Alesio Da Silva deyib. UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirən "Araz” Belçikanın "Halle-Gooik” klubuna uduzub. 1:5 hesablı məğlubiyyətdən sonra braziliyalı mütəxəssis yenilgiyə belə şərh verib: "Razılaşarsınız ki, aylarla məşq etdiyin sistemi bir gecədə dəyişib yeni sistemə uyğunlaşmaq sadəcə, mümkün deyil. İstənilən sistemin tətbiqi üçün üzünmüddətli məşqlər etmək lazımdı. Uşaqlarla danışdıq, toparlanmağa, 6 oyunçu ilə edə biləcəyimizi reallaşdırmağa çalışdıq. Məncə, məhdud heyətlə oyunumuz pis alınmadı. Uşaqlar çox istəkli idilər, meydanda oyun intizamını pozmadılar. Qol vurmaq üçün də epizodlar yaratdıq. Təəssüf ki, onları reallaşdıra bilmədik. İkinci hissədə də pressinq tətbiq etdik. Oyunçularımı da başa düşürəm, çox çətindi".
Çalışdırıcı bildirib ki, növbəti oyun üçün uşaqları yenidən bir yerə yığıb, vəziyyətə uyğun plan cızacaqlar: "Düzdü, hələ növbəti mərhələyə yüksəlmək üçün şanslarımız var, amma bunu reallaşdırmaq çox çətin olacaq. Düşünürəm ki, gücümüzə qənaət edib, son oyunu daha çox düşünməliyik”.
Qeyd edək ki, "Araz" növbəti oyununu bu gün, saat 19:30-da Portuqaliyanın "Benfika” klubuna qarşı keçirəcək.