Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. II dövrə VIII turun qarşılaşmaları ilə başlayacaq. “Zirə” səfərdə “Neftçi” ilə qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, bu, iki komanda arasında ölkə çempionatları tarixində 18-ci duel olacaq. İlk dəfə 2015/16 mövsümündə görüşən rəqiblər 17 dəfə üz-üzə gəlib. Bu matçların birinin nəticəsi (2:2) ləğv edilib və “Qartallar”a texniki qələbə verilib.
Bu 17 qarşılaşmanın yarısından çoxunda – 9 dəfə qələbə qazanan “Zirə” 5 görüşdə meydandan bir xalla ayrılıb. Yalnız üç dəfə uduzan qəsəbə klubu top fərqində də öndədir. Texniki nəticənin nəzərə alınmadığı qol sayında 21 dəfə rəqib qapısına yol tapan “Qartallar” 15 top buraxıb.
“Zirə”nin bu matçlardakı qollarına 14 futbolçu imza atıb. Onlar arasında ən yaxşı bombardir Luis Alberto Diesdir. İspan futbolçu “Neftçi”nin qapısına üç qol vurub. Nelson Bonilya, Riçard Qadze, Vüsal İsgəndərli və Mfo Kqasvanenin hərəsinin hesabında iki top var.
9-cu dəfə “Neftçi”nin qonağı olacaq "Zirə" səfər matçlarında da üstünlüyə malikdir. 3 qələbə qazanıb, 4 heç-heçə edən “Qartallar” yalnız bir dəfə rəqib meydanından xalsız ayrılıb. Bu görüşlərdə 11 dəfə fərqlənin "Zirə" 10 qol buraxıblar. “Zirə” səfərdəki son 6 qarşılaşmada meydanı qolsuz tərk etməyib.
“Neftçi” - “Zirə” oyunu oktyabrın 20-də “Bakcell Arena”da keçiriləcək.