UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ” klubunu 7875 avro məbləğində cərimələyib.
Sportarena.az xəbər verir ki, Avropa futbol qurumunun mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində İspaniya “Sevilya”sına Bakıda 0:3 hesabı ilə uduzduğu matçda baş verənlərdir.
“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionun baş tutan qarşılaşmanın 62-ci dəqiqəsində Andalusiya təmsilçisinin futbolçusu Çiçaritonun hesabı açmasından sonra yerli azarkeşlərin meydana kənar əşyalar atmasına görə ziyana düşüb.
“Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi görüşdə törədilmiş erməni təxribatına gəldikdə, UEFA hələlik hər hansı açıqlamasının olmadığını bildirib. Bu matçda isə “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib. (Report)