Orxan Sadıqlı: "Onların problemi “Xəzər Lənkəran”ladır"

20:48 20 Oktyabr 2019

"Əvvəlki oyunlarda olduğu kimi bu görüşə də yaxşı hazırlaşmışdıq. Sadəcə, rəqibin bir neçə epizodda bəxti gətirdi. Erkən qol vurdular. Həm də evdə oynayırdılar, üstünlük onlarda idi. "Neftçi"ni təbrik edirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin qapıçısı Orxan Sadıqlı Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra juranlistlərin suallarını cavablandırarkən deyib.
 

26 yaşlı qolkiper komandasında təcrübənin  çatışmadığını söyləyib: "Məşqçimiz ilə ilk oyunumuz idi, istəyirdik ki, nəticə yaxşı olsun. Qismət belə imiş. Bizim komandamızda kompaktlıq yoxdur, bir yerdə oynaya bilmirik. Bizə təcrübə lazımdır. Yeni heyətdir. Əcnəbi futbolçularımız da var. Amma çempionatın çox hissəsi qarşıdadır. Fərdi olaraq oyunçularımız yaxşı çıxış edirlər. Aramızda anlaşma zəifdir. Bunu da növbəti qarşılaşmalarda düzəldəcəyik".

 

O.Sadıqlı komandasının medallar uğrunda mübarizə aparacağını da deyib: "Bu gün turnir cədvəlinə baxanda görürük ki, 2-3 qələbə qazansaq, 2-ci yerdə olacağıq. Bizim məqsədimiz kubok və Avroliqadır. Mümkün olduğu qədər irəli gedib, xallar qazanmalıyıq. Həm müdafiədə, həm də hücumda kollektiv oyun çatışmır. Çünki müdafiə hücumdan başlayır. İkinci hissə başladı, 25-ci saniyədə qol buraxdıq. Deməli, biz haradasa səhvə yol vermişik. Bundan sonra yaxşı hazırlaşmaq lazımdır. Elə rəqiblərlə qarşılaşacağıq ki, aşağı-yuxarı eyni xallardayıq. Yalnız çalışmalıyıq".

 

Qolkiper "Neftçi" azarkeşlərinin onun ünvanına səsləndirdiyi şüarlara da münasibət bildirib: "Bunlara öyrəşmişəm. Onların problemi "Xəzər Lənkəran"ladır. Bəlkə, gənc yaşlarımda olsaydı, nə isə baş verərdi. Amma indi normal sayıram. Oyunun əvvəlindən buna hazır idim. Şükürlər olsun ki, hər şey yaxşı oldu. Təhqir etsəydilər, hər şey başqa cür ola bilərdi. Onlar azarkeşdir. Sənin isə ona əlin çatmır. Ağızlarına nə gəlsə, deyə bilərlər. Möhkəm olmaq lazımdır. Onlar da bilir ki, "Xəzər Lənkəran" mənim qəlbimdədir. 13-14 yaşlarımdan bu komandanın akademiyasında böyümüşəm. İndi isə "Zirə"dəyəm, onun uğurları üçün çalışıram. Hər bir futbolçunun yetişdiyi bir akademiya var. "Xəzər Lənkəran" əvvəldən "Neftçi" ilə rəqabətdə idi. Keçmişlə yaşamaq olmaz, gələcəyə baxmaq lazımdır". (qol.az)


Digər xəbərlər

Xəbər xətti