Avropa Liqasının qrup mərhələsinin III turunda sabah Kiprin APOEL klubunu qəbul edəcək “Qarabağ”ın futbolçusu Qara Qarayev oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Sportarena.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi əvvəlcə görüş barədə fikirlərini bildirdi:
- Bu oyuna yaxşı hazırlaşmışıq. Ciddi itkilərimiz yoxdur. Tam gücümüzlə hazırıq. Ən vacib olan psixoloji və fiziki cəhətdən hazır olmaqdır. Əlimizdən gələni edəcəyiki ki, azarkeş amilindən yararlanaq və yaxşı nəticə göstərək.
- Psixoloji cəhətdən eyni komanda ilə 3-cü dəfə qarşılaşmaq nə dərəcədə çətindir?
- Artıq komandalar bir-birini yaxşı tanıyır. Arada gizli taktiki gediş qalmayıb. Bu oyunda xüsusi fərqləndirəcəyimiz amil evdə oynamağımızdır. Azarkeşlər motivasiya olmağımızda əlavə güc verəcək.
- Lüksemburqda baş verənlərdən sonra əlavə bir hiddət, qıcıq varmı ki, daha artığını etməliyik?
- Siyasətlə idmanı qatmaq istəmirik. Azərbaycanı, Qarabağı təmsil edirik. Adımızın belə çirkin oyunlarda hallanmasını istəmirik. Öz sözümüzü oyunumuzla demişik. Bundan sonra da nəticələrimizlə ölkəmizi təmsil etmək istəyirik. Bizim olan dəyərlərə, Qarabağa görə niyə qıcıqlanmalıyıq? Bütün dünya bilir ki, Qarabağ Azərbaycanındır. Onların olmadığı üçün qıcıqlanırlar. Bizim kiməsə isbat edəcəyimiz bir şey yoxdur. “Qarabağ”ın oyununda hansısa əski parçasını gətirib, iddia etməyin özü gülüncdür.