Batumidə şahmat üzrə komandalar arasında Avropa çempionatının beşinci turunda qadın yığmamız İtaliya komandası üzərində qələbə qazanıb.
Sportarena.az xəbər verir ki, şahmatçılarımızdan Ülviyyə Fətəliyeva Elena Sedina, Gülnar Məmmədova Daniela Movileanuya qalib gəliblər. Günay Məmmədzadə Marina Brunello ilə heç-heçə edib, Xanım Balacayeva isə Olqa Ziminaya məğlub olub.Kişilərdən ibarət yığma komandamız isə beşinci turda Xorvatiya millisi ilə heç-heçə edib. Komandamızın üzvlərindən Eltac Səfərli Ante Brkiç, Rauf Məmmədov Marin Bosioçiç, Qədir Hüseynov Hrvoje Stevi ilə xalları yarı bölüblər.
Hazırda aktivində 4 qələbə və 1 məğlubiyyət olan qadın komandamız üçüncü pillədədir. Kişi şahmatçılarımızın aktivində isə 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət var. Komanda çempionatda altıncı pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adını qazanıblar. Komandamız 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medallara layiq görülüblər.
Qadın şahmatçılarımızın isə ən böyük uğuru 1992-ci ildə üçüncü yer olub.