Azərbaycan Premyer Liqasında X turun “Neftçi” – “Qarabağ” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Sportarena.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:
- Çətin oyun oldu. Xeyli mübarizə gördük. Vacib qarşılaşma idi. 1 xal çox lazım idi. Rəqib çox istəkli oynadı. Bu da başadüşüləndir. Futbolçulardan razı qaldım. Sona kimi mübarizə apardılar. Çoxdandır belə mübarizəli oyun olmamışdı. Bu, komandamız üçün çox faydalı olacaq.
- İkinci hissədə üstünlük “Neftçi”də idi. Bu, ehtiyatlı oynamaq tapşırığınızla bağlı idi, yoxsa yoğrunluq oldu?
- Ehtiyat məsələsi deyildi. Son 10 gündə 3-cü oyunumuzdu. Bəzi futbolçularda yorğunluq var idi. “Neftçi”ni də nəzərə almalıyıq. Çox istəkli idilər, xal fərqini azaltmaq istəyirdilər. İki fərqli hissə oldu. Fasilədən sonra yorulduq və texniki səhvlər çoxaldı. Bu da aydındır. Yorğunluq olanda hissiyat zəifləyir. “Neftçi”nin sürətli, texnikalı futbolçuları var. İstənilən halda, komandadan razı qaldım.
- Xayme Romeronun zədəsi nə yerdədir?
- Demək olar ki, düzəlib. Komanda ilə cəmi iki məşq edib. Bu da tam aktiv olmayıb. Sabahdan tam məşqlərə başlayacaq. APOEL-lə oyuna kimi hazır olacaq. “18-liy”ə daxil edəcəyik.
- Mahir Emreli son dəqiqələrdə zədələndi. Vəziyyəti necədi?
- Mahirdə ola bilər ki, zədə ciddidi. Əzələ zədəsidi. Sabah tam bilinəcək.
- Kipr mətbuatının məlumatına görə, APOEL-də daxili gərginlik var. Hətta komandada yenidən baş məşqçi dəyişikliyi ola bilər...
- Bu barədə qəti düşünmürük. Bizim üçün vacib olan öz performansımızdır. Futbolçuları tam hazır vəziyyətə gətirməliyik. Ağır perioddayıq. Dəyişiklik olsa da, olmasa da, ciddi hazırlaşacağıq.