Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsinin Uelslə oyunu öncəsi mətbuat konfransı jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki. xorvatiyalı mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
- Beş gündür toplanışdayıq. Əhval-ruhiyyə yaxşıdır. Macarlarla oyundan əvvəl də beləydi. Bu dəfə də zədə və digər səbəblərdən oynaya bilməyəcək futbolçular var. Rüfət Dadaşov heyətdən çıxarıldı. Maksim Medvedevin oynamaq ehtimalı azdır. Eddi İsrafilov gələ bilmədi. Son oyunlarda rəqiblərə yaxşı müqavimət göstərə bilirik. Son 5 dəqiqədə oyunları uduzmuşuq. Səbəblər arasında bəxtsizliyimizi də göstərmək olar. Hər halda nikbinik və yaxşı olacağına ümid edirik.
- Sonradan dəvət etdiyiniz oyunçular zədəlilər və gələ bilməyənləri əvəz edə biləcək gücdədirlər?
- Təbii ki, hazırda problemli futbolçularımız əsas heyət üzvlədirdir. Onları əvəzləmək asan olmayacaq. Amma ümid edirəm ki, gələnlər onların boşluğunu dolduracaq.
- Uels qrupdan çıxmaq üçün oynayır. Sizi motivasiya edən nədir?
- Son dörd oyunun analizi. Uelslə oyunda 1 xala yaxın idik. Son 5 dəqiqədə bəxtimiz gətirmədi. Beləcə xalı əldən verdik. Bəhreynə isti hava şəraitində qalib gəldik. Uşaqlar xarakter göstərdilər. Macarıstanla oyunda rəqib hesabda öndə idi, son 15-20 dəqiqədə yaxşı oynadıq. Bütün dünya gördü ki, hakim təmiz qolumuzu saymadı və xalımızı oğurladı. Bütün bunlar gələcəyə ümidlə baxmağa imkan verir.
- Niyə oyundan qabaq heyəti açıqlamırsız?
- Burada niyyətim gizli saxlamaq deyil. Macarlarla oyunda da qeyri-müəyyən durum yaranmışdı. Son məşqdən sonra 11-liyi biləcəyik. Çünki Maksimin oynayıb-oynamayacağına bu günkü hazırlıqdan sonra aydınlıq gələcək. Ancaq əvvəllər start heyətin 9 futbolçusunun adını dediyim olub.
- Cavid Hüseynov klubunda yaxşı oynamır. Amma milliyə cəlb olunur. Niyə?
- Cavidin milliyə niyə çağırılması həqiqətən də yaxşı sualdır. Son oyunlarda komandasına kömək edibmi? Maraqlı sualdır. Cavidin oyunlarına baxmışam. Hər dəfə seçim etmək asan olmur. Çünki bəzi futbolçular klublarında ehtiyatda qalır. Bizim də işimiz asan deyil. Rəşad Eyyubov son vaxtlar klubunda oynamır deyə çağıra bilmədik. Camalovu dəvət etdik. Cavidə gəldikdə, böyük təcrübəsi var. Ən azı 30 dəqiqə bizə kömək edəcək vəziyyətdədir.
- Slavik Alxasov niyə milliyə dəvət almır?
- Slaviki bəyənirəm. Xarakteri olan yaxşı oyunçudur. Burada müəyyən nüanslar var. Bəlkə də, bəxti onda gətirmir ki, mövqeyində Şəhriyar, Anton və Təmkin oynayır. Hələlik bu futbolçulara üstünklük vermişik. Amma o demək deyil ki, millinin qapısı Slavikin üzünə bağlıdır. Bəlkə gələcəkdə o da əsas yığmada oldu.
- Sağ cinahda Mahir Emrelini kim əvəzləyəcək? Yoxdu deyə, həmin mövqedə problem yarana bilər?
- Araz və Ağabala cinah yox, mərkəz hücumçusu kimi oynayır. Sabah hansının əsas heyətdə olacağını görəcəyik. Tək hücum yox, müdafiədə də bizə necə kömək edəcəklərini düşünürük. Uelsin sağ cinah oyunçuları çox təhlükəlidir. Ona görə də nəsə fikirləşməliyik. Mahir hücuma da, müdafiəyə də çox kömək edir. O, bütün enerjisini sərf edir. Yəqin, sizin üçün də məntiqli səslənər ki, hansısa oyunçumuzu Beyllə təkbətək qoymaq istəmirik. Bu cür oyunçuları iki nəfər tutmalıdır.
- Sabah Elvin Camalov və Vüsal İsgəndərlidən hansını meydanda görə bilərik?
- Ola bilər ki, hər ikisi də olsun, və ya heç biri olmasın. Onların məşqdə göstərdiyi performansdan məmnunam. Vüsal da pozitiv oyunçudur. Rəqibləri narahat edəcək bir tipdir. İnanıram ki, bu iki oyunda meydanda olmasalar belə, millinin gələcək oyunçularıdır.