Qara Qarayev: "Rəqib topla daha çox oynayıb, bizi yordu"

01:07 17 Noyabr 2019

Azərbaycan millisinin üzvü Qara Qarayev AÇ-2020-nin seçmə mərhələsində evdə Uelsə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi əvvəlcə məğlubiyyəti şərh edib.

 

- Əlimizdən gələni etdik ki, xal qazanmaq istəyirdik. Ən azından 1 xal bizim üçün yaxşı nəticə olardı. Oyuna da pis başlamamışdıq. Sadəcə, standart vəziyyətdən buraxdığımız qol bizi bir az geri saldı. Buna baxmayaraq, ilk hissə bizim üçün çox yaxşı alındı. Əks-hücumlara çıxa bildik. Mübahisəli deməzdim, dəqiq penalti epizodumuz oldu, onu da referi vermədi. İlk hissədə 2 top geridə olmağımız bizim də motivasiyavımızı aşağı saldı. İlk yarıda penalti verilsəydi, necə olacağını demək çətindir. Motivasiya baxımından bizim üçün faydalı olacaqdı.

 

- Əvvəlki matçlardakı oyun keyfiyyətini bu gün görmədik.

- Düşünürəm ki, ilk hissədə lazımı qədər yaxşı oynadıq. Əks-hücumlara çıxdıq, rəqibin cərimə meydançası ətrafında təhlükəli vəziyyətlər yaratdıq. İkinci hissə ilə bağlı sizinlə razıyam. Ön xətdə fəal ola bilmədik.

 

- Millimiz Kardiffdə bundan daha layiqli mübarizə aparmışdı?

- Kardiffdə geri düşdükdən sonra hesabı bərabərləşdirə bildik. Burada isə ilk hissədən sonra 2 top fərqi ilə geridə idik. Bu, planları pozdu. Əvvəlki oyunlarda da hesab arasında fərq az olanda daha mübariz oynayırdıq. 2-ci qoldan sonra isə komanda hardasa ruhdan düşür.

 

- İkinci hissədə adi ötürmələr də alınmırdı. Bu, motivasiyanın düşməsi ilə bağlı idi?

- Bəhanə gətirmək istəmirəm. İkinci hissədə yorğunluq da var idi. Rəqib topla daha çox oynayıb, bizi yordu.

 

- Səncə, VAR sistemi olsaydı, millimizin qrupdakı vəziyyəti necə olardı?

- Bu gün 1 yox, ən azı 2 xalımız olardı.

 

- Son 25 illik statistikada Azərbaycan heç vaxt bu seçmə mərhələdəki kimi zəif nəticə göstərməyib...

- Son 25 ildə bundan güclü qrupda da olmamışıq.

 

- Almaniya, Rusiya kimi komandalarla eyni qrupda oynamış, xallar qazanmışıq...

- Neçə xal yığdığımızı xatırlamıram, amma bu qrup çox güclüdür.

 

- Azərbaycan millisini hansı ölkə ilə müqayisə edə bilərik? Elə bir ölkə varmı?

- Mən həmişə İspaniya ilə müqayisə olunmağımızı istəmişəm. Sizin hansı ölkə ilə müqayisə apardığınızı bilmirəm.

 

- Son oyunda Slovakiya ilə qarşılaşacaqsız. Hazırkı nəticəni yaxşılaşdırmaq mümkün olacaq?

- İndiki dönəm futbolçular üçün çox çətindir. Çünki formal xarakter daşıyan bir oyuna çıxacağıq. Çalışacağıq ki, yaxşınəticə qazanaq. Futbolçu psixologiyası bu cür oyunlara köklənməkdə çətinlik çəkir.


Digər xəbərlər

Xəbər xətti