"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni rekorda imza atıb.
Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın XII turunun "Sumqayıt”la qarşılaşması 47 yaşlı mütəxəssisin Azərbaycan çempionatlarında baş məşqçi postunda 382-ci matçı olub. Bununla da Q.Qurbanov yarışın tarixində ən çox oyun keçirən mütəxəssis adına yiyələnib.
2006-cı ildə "Neftçi”də debüt edən çalışdırıcı 2006/07 və 2007/08 mövsümlərində komandanı 28 qarşılaşmaya çıxarıb. 2008-ci ildən baş məşqçisi olduğu "Qarabağ”la 354 dəfə çempionat oyununda iştirak edib.
Q.Qurbanov müxtəlif illərdə "Viləş”, "Şəmkir”, "Masallı” və MOİK-in baş məşqçisi kimi yüksək dəstədə 381 oyun keçirən Qəhrəman Əliyevin rekordunu arxada qoyub.
Qeyd edək ki, "Sumqayıt”la görüşdə 1:2 hesabı ilə məğlub olan "Qarabağ”ın 31 oyunluq qələbə seriyası qırılıb. Sonuncu dəfə 2018-ci il oktyabrın 28-də "Neftçi”yə 1:3 hesabı ilə uduzan ağdamlılar 390 gündən sonra çempionat matçında xal qazanmayıb. Bu seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur.