Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” sabah qrup mərhələsinin 5-ci turunda "Sevilya"nın qonağı olacaq.
Sportarena.az xəbər verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransına qatılan ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib:
"Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Hansı ki, növbəti mərhələni təmin edib. Bizim üçün xal baxımından çox vacib oyundur. Bundan əvvəl də çalışmışıq ki, çatışmayan cəhətlərimizi düzəldək, yaxşı oyun sərgiləyək. 90 dəqiqə meydanda bacarıqlı olmağa, sona qədər mübarizə aparmağa çalışacağıq. “Sevilya” nadir komandalardandır ki, belə şey haqda düşünmür. Hər oyun maksimum çalışır ki, qalib gəlsin, rəqibə pressinq etsin. Biz Bakıda bunun şahidi olduq. Düşündüklərim bu gün baş məşqçilərinin fikirləri ilə üst-üstə düşdü. Qarşılarına qoyduqları məqsədlərə çatsa da, yaxşı oynamağa çalışırlar. Rəqibdən də bunu gözləyirik".
Qurbanov zədəli olan Maksim Medvedevin də durumuna aydınlıq gətirib. O, təcrübəli müdafiəçinin oynamaq ehtimalının yüksək olduğunu bildirib.