Jelko Sapiç: "İstəyirəm ki, "Sabah"ın öz stili olsun"

10:00 3 Dekabr 2019

Premyer Liqada 13-cü turun "Sabah" - "Qaarabağ" (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Jelko Sopiç jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib.

 

- Oyundan əvvəl Azərbaycanın ən güclü klubuna qarşı oynayacağımızı bilirdik. Müdafiə blokunda olmalıydıq. Futbolçulara verdiyim göstərişləri meydanda gördüm. Onlar oyunda öz ürəklərini qoydular. Fərdi keyfiyyətlərə baxanda "Qarabağ" güclüdü. Bu gün 4-4-2 sistemi ilə oynadıq. Mənim fəlsəfəmdə sistematik oyun yoxdu. Futbolçularıma irad bildirə bilmərəm, onlar hər şey etdilər.

 

- "Səbail"lə oyunun qəhrəmanları Hendrik Eksteyn və Ulisse Diallo bu gün matça sonradan daxil oldu. Bunun səbəbi nə idi?
- Bu taktikanı seçmişdim. Hər ikisi əsas heyətdə olsaydı, müdafiə cəhətdən kompaktlıq olmayacaqdı. "Səbail"ə hörmət edirəm, ancaq onlar "Qarabağ"la bir deyil. Siz La Liqada oynasaz, "Xetafe" və "Barselona"ya qarşı eyni sistemlə oynaya bilməzsiz.

 

- Azərbaycana gəlməklə hədəfləriniz nədi?
- Gəlməzdən əvvəl "Sabah"ın oyunlarına baxmışdım. Prosineçki və Yurçeviçin vaxtında oyunlar izləmişdim. Ancaq öz komandamla bağlı danışa bilərəm. Limit məsələlərini bilirəm, ancaq bu gün 3 legionerlə oynadım. Mənim komandamda hər zaman ən yaxşı 11 futbolçu oynayır. Rəqib məşqçini də təbrik etmək lazımdı, bu gün onlar bizdən yaxşı oldular. "Sabah" gənc komandadı, istəyirəm ki, onlar bütün seqmentlərdə güclü olsun. İstəyirəm ki, "Sabah"ın öz stili olsun.


Digər xəbərlər

Xəbər xətti